Dünənin, bu günün və gələcəyin partiyası: 21 noyabrdan başlanan şərəfli yol


Azərbaycanın müasir tarixində elə dönüş nöqtələri var ki, onların əhəmiyyəti illər ötdükcə daha aydın görünür. 1992-ci ilin noyabr ayı ölkəmiz üçün məhz belə bir taleyüklü dövr idi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş, lakin dərin siyasi böhran, iqtisadi tənəzzül və xaosla üz-üzə qalmış Azərbaycanın xilası üçün cəmiyyətdə güclü liderə və vahid siyasi qüvvəyə kəskin ehtiyac duyulurdu. Həmin ağır günlərdə xalqın iradəsini ifadə edən 91 nəfər görkəmli ziyalının – tarixə “91-lər” kimi düşən vətənpərvər insanların Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət ölkənin gələcək taleyini müəyyənləşdirdi. Bu müraciətə cavab olaraq 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi milli dövlətçilik tariximizdə yeni bir səhifə açdı. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında vurğuladığı kimi, “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.” Yarandığı ilk gündən ümumxalq partiyasına çevrilən YAP qısa müddətdə ölkəni parçalanmaq təhlükəsindən xilas edərək sabitlik və inkişaf yoluna çıxardı. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” kəlamı bu siyasi təşkilatın mahiyyətini və zamanla sınanmış gücünü ən dəqiq şəkildə ifadə edir. Zaman göstərdi ki, bu sözlər sadəcə bir şüar deyil, real həyatın təsdiqlədiyi tarixi həqiqətdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə fəaliyyətini davam etdirən partiya öz ideoloji dayaqlarına tam sadiqdir. Dövlət başçısının VIII qurultayda bəyan etdiyi “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri həm siyasi varisliyin, həm də ölkənin strateji inkişaf kursunun sarsılmazlığının bariz ifadəsidir. Ötən onilliklər ərzində Yeni Azərbaycan Partiyası ölkənin siyasi meydanının şəksiz lideri və cəmiyyətin aparıcı qüvvəsi statusunu ardıcıl fəaliyyəti ilə möhkəmləndirib. Bu gün sıralarında 769 811 üzvü birləşdirən partiya təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda ən güclü və mütəşəkkil siyasi təşkilatdır. Bu böyük ordunun arxasında ölkənin bütün bölgələrini və təbəqələrini əhatə edən əqidə birliyi dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.” Xalqın bu fəaliyyətə verdiyi ən ali qiymət isə seçkilərdə öz əksini tapır. Son seçkilərin nəticələri bir daha sübut etdi ki, Azərbaycan vətəndaşları ölkənin sabit gələcəyini və tərəqqisini məhz Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasətlə bağlayır və bu nəticələr xalqın YAP-a olan yüksək etimadının ən aydın göstəricisidir. Partiyanın uzunmüddətli uğurunun təməlində həm də onun aydın, müasir və milli maraqlara söykənən ideoloji proqramı dayanır. Yeni Azərbaycan Partiyasının Proqramında müəyyən olunan siyasi dəyərlər və prinsiplər sistemi 10 strateji istiqaməti – Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı prinsiplərini özündə birləşdirir. Məhz bu dəyərlər sistemi partiyanın həm ölkə daxilində sağlam siyasi mühit formalaşdırmasına, həm də qlobal dəyişikliklərə çevik uyğunlaşmasına imkan yaradır. Bu gün Azərbaycan tamamilə fərqli bir tarixi mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında qürurla səsləndirdiyi kimi: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.” 1992-ci ilin 21 noyabrında ümid çırağı kimi yanan Yeni Azərbaycan Partiyası bu gün qalib ölkənin, suverenliyini tam bərpa etmiş qüdrətli Azərbaycanın quruculuq və inkişaf yoluna liderlik edir. Qarşıda duran yeni hədəflər, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi və dövlətimizin daha da güclənməsi prosesində YAP yenə də xalqın inam ünvanı və aparıcı qüvvəsi olaraq qalacaq.
Tutu Kamalqızı YAP Zəngilan rayon təşkilatının sədr müavini
Dərc vaxtına görə