DSMF dövlət zəmanətli istiqrazlara 197,51 mln. manat yönəldib


BAKI, 19 noyabr. TELEQRAF
Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət zəmanətli istiqrazlara 2025-ci ildə 690 mln. manat, 2026-cı ilin I yarısında 197,51 mln. manat yönəldilib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün büdcə layihəsinə verdiyi rəydə qeyd edilib.
Sənədə əsasən əks-repo əməliyyatlarına 2025-ci ildə 1210,50 mln. manat, 2026-cı ilin I yarısında 1042,77 mln. manat vəsait yönəldilib.
Ümumilikdə Fond tərəfindən investisiyaya yönəldilmiş vəsait 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 2025-ci ildə 34,1% yüksək olub. Fondun investisiya fəaliyyətindən 2025-ci il üzrə 120,49 mln. manat, 2026-cı ilin I yarımillik dövrü üzrə isə 62,58 mln. manat gəlir əldə edilib.
Eyni zamanda, investisiya fəaliyyətindən bank və kommersiya xərci 2025-ci il üzrə 0,64 mln. manat, 2026-cı ilin I yarımillik dövrü üzrə isə 0,20 mln. manat təşkil edib.