"Dövlət-Biznes Əməkdaşlıq Forumu əmək bazarının inkişafına töhfə verəcək"


Azərbaycanda əmək bazarının inkişafı, işçi qüvvəsinin bilik və bacarıqlarının artırılması, eləcə də işəgötürənlərə dövlət dəstəyinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Məşğulluq həftəsi çərçivəsində keçirilən tədbirlər dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib.
SİA xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dövlət-Biznes Əməkdaşlıq Forumunun əsas özəlliklərindən biri dövlət qurumlarının biznesə dəstək mexanizmlərinin, əməkdaşlıq imkanlarının, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən və bizneslə əlaqəli qurumların işəgötürənlərə təqdim etdiyi dəstək alətlərinin müzakirəsidir.
Onun sözlərinə görə, forumda əmək bazarında biznes birlikləri və assosiasiyaların rolu, sosial məsuliyyət və birgə təşəbbüslər də diqqət mərkəzində olub. Məşğulluq həftəsi Milli Məşğulluq Forumu, Gələcəyin Peşələri Sammiti və Dövlət-Biznes Əməkdaşlıq Forumu ilə yekunlaşıb. Bu tədbirlər vasitəsilə əmək bazarının gələcəyi, işçi qüvvəsinin kvalifikasiya və kompetensiyalarının artırılması, işəgötürənlər üçün dəstək mexanizmləri və dövlət xidmətləri müzakirə edilib.
Hasil Abbasov qeyd edib ki, özəl sektor əmək bazarının əsas sütunlarından biridir və Əmək və Məşğulluq Alt Sistemində (ƏMAS) aktiv əmək müqavilələrinin böyük hissəsi bu sektorun payına düşür. Dövlət Məşğulluq Agentliyi sahibkarlara və işəgötürənlərə öz səlahiyyətləri çərçivəsində maksimum dəstək göstərməyə hazırdır.
Agentlik sədri, həmçinin həssas kateqoriyadan olan şəxslərin məşğulluğuna töhfə verən bir neçə işəgötürənin təltif olunduğunu və onlara təşəkkür bildirildiyini vurğulayıb.
1 mənbə
