DİM əgər ləğv olunarsa...

1 dəq oxu
Xəbər
DİM əgər ləğv olunarsa... - ŞƏRH
Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərliyində baş verən dəyişikliklər və ali məktəblərə qəbul imtahanlarının təşkili ilə bağlı mümkün islahatlar təhsil sistemində yeni müzakirələrə səbəb olub. DİM-in ləğv edilərək səlahiyyətlərinin Elm və Təhsil Nazirliyinə verilməsi məsələsi də gündəmə gəlir. Bəs belə bir dəyişiklik nə dərəcədə realdır və qəbul imtahanları modelində hansı yeniliklər gözlənilir?
Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Prezidentin sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin İdarə
Heyətinin sədri Məleykə Abbaszadə vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunub. Hazırda əsas sual DİM-in yeni rəhbərinin kim olacağıdır.
Ekspertin sözlərinə görə, gözləntilər yeni rəhbərin qəbul məsələlərində müəyyən islahatlar həyata keçirməsi ilə bağlıdır. O hesab edir ki, qəbul imtahanlarının modeli mütləq dəyişməlidir.
DİM-in Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsinə gəlincə, Elçin Əfəndi bunun yaxın perspektivdə baş verəcəyini gözləmir. Onun sözlərinə görə, DİM ayrıca dövlət qurumu və hüquqi şəxsdir.
Ekspert qeyd edib ki, qurumun nazirliyin tabeliyinə verilməsi üçün müvafiq hüquqi dəyişikliklər edilməli, bununla bağlı ayrıca sərəncam verilməlidir. Bu səbəbdən belə bir dəyişiklik yaxın perspektivdə real görünmür.
Elçin Əfəndi vurğulayıb ki, əsas gözlənti qəbul imtahanlarının qaydalarının dəyişdirilməsi və beynəlxalq imtahan modelinə keçid edilməsi ilə bağlıdır. Onun fikrincə, yeni rəhbər bu istiqamətdə müvafiq tədbirlər həyata keçirə bilər.
Mənbə
1 mənbə



