Deputat Sabunçu qəsəbələrindəki problemləri parlamentdə gündəmə gətirdi - VİDEO


Milli Məclisin deputatı Azər Allahverənov 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı təmsil etdiyi 29 saylı Sabunçu dördüncü seçki dairəsinin ərazisində həllini gözləyən bir sıra məsələləri gündəmə gətirib.
FaktorNews xəbər verir ki, deputat çıxışı zamanı bildirib ki, əvvəlki büdcə müzakirələri zamanı səsləndirdiyi bəzi məsələlərin həlli istiqamətində addımlar atılıb. O, Zabrat qəsəbəsində yerləşən 21 saylı poliklinikanın əsaslı təmirinə başlanmasını müsbət qiymətləndirib. Qeyd edib ki, yaxın vaxtlarda poliklinikanın təxminən 40 min Zabrat sakininin istifadəsinə verilməsi nəzərdə tutulur.
Azər Allahverənov Nardaran Sağlamlıq Mərkəzi ilə bağlı da görülən işlərə toxunub. Onun sözlərinə görə, mərkəzin müəyyən tibbi avadanlıqlarla təminatı həyata keçirilib, həkimlərin işə cəlb olunması istiqamətində də addımlar atılıb.
Deputat bununla yanaşı, Nardaran Sağlamlıq Mərkəzinin ikinci korpusunun əsaslı təmirə ehtiyac olduğunu bildirib. O, mərkəzdə bəzi tibbi avadanlıqların çatışmazlığının davam etdiyini, LOR və dermatoloq həkimlərə ehtiyac olduğunu diqqətə çatdırıb.
Azər Allahverənov əhali sayına əsaslanan tibbi kadr normativlərinə yenidən baxılmasının məqsədəuyğun olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas məqsəd qəsəbə sakinlərinin zəruri tibbi xidmətlərdən yaşadıqları ərazidə rahat şəkildə yararlana bilməsidir.
Deputat Zabrat və Kürdəxanı qəsəbələrində müasir idman meydançalarının yaradılmasının da vacib olduğunu deyib. O, bunun uşaqların və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili və sağlam həyat tərzinin formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib.
Çıxışda Pirşağı qəsəbəsində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin əsaslı təmirə ehtiyacı olduğu da bildirilib.
Təhsil sahəsindəki problemlərə toxunan deputat Zabrat qəsəbəsindəki 192 saylı məktəbdə şagird sıxlığının ciddi problem yaratdığını bildirib. O qeyd edib ki, sakinlər bu məsələ ilə bağlı mütəmadi müraciətlər edirlər.
Nardaran qəsəbəsində məktəbdənkənar müəssisənin olmamasının da valideynlər üçün əlavə çətinliklər yaratdığını deyən Azər Allahverənov hər iki problemin modul tipli əlavə korpusların inşası yolu ilə həll edilə biləcəyini bildirib.
Deputat Nardaran sakinlərinin bağçılıq və gülçülük təsərrüfatlarının inkişafı ilə bağlı müraciətlərinə də diqqət çəkib. O, əvvəllər Nardaran və ətraf qəsəbələrdə bu sahələrin geniş inkişaf etdiyini xatırladaraq, təsərrüfatların fəaliyyətinin canlandırılması üçün dəstək mexanizmlərinin yaradılmasını təklif edib.
Azər Allahverənov keçmiş təcrübəyə əsaslanaraq tədarük məntəqələrinin yaradılmasının məhsul istehsalı və satış imkanlarının genişləndirilməsinə, eləcə də təsərrüfat fəaliyyəti ilə məşğul olan insanların stimullaşdırılmasına kömək edə biləcəyini bildirib.
Çıxış zamanı qəsəbələrdə məşğulluq məsələsinə də toxunulub. Deputat emalatxanaların və müxtəlif istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması istiqamətində addımların atılmasını təklif edib. Onun fikrincə, bu imkanların dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılması məqsədəuyğun ola bilər.
Azər Allahverənov sonda 2027-ci il dövlət büdcəsi layihəsinə səs verəcəyini bildirib və səsləndirdiyi məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzərdən keçiriləcəyinə ümid etdiyini deyib.
1 mənbə