“Daxili siyasi proseslərin yoxluğu Ermənistanın suverenliyinin və müstəqilliyinin zəiflədiyini göstərir” - Zakaryan


“Daxili siyasi həyatın, fəal gündəmin, sağlam müzakirələrin və konstruktiv əməkdaşlığın olmaması Ermənistanın suverenliyinin və daxili müstəqilliyinin azalmasından xəbər verir”.
Ordu.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan sosial şəbəkə hesabında yazıb.
Zakaryanın sözlərinə görə, Ermənistanın siyasi həyatı hər gün eyni bəsit problemlə başlayır: hakimiyyət gün ərzində nə etməli, hansı vasitələrlə insanları aldatmalı və ya əslində heç bir iş görülmədiyi halda müəyyən fəaliyyət görüntüsü yaratmalıdır.
O bildirib ki, hakimiyyətin əsas məşğuliyyətlərindən biri də ictimaiyyətin diqqətini onun üçün arzuolunmaz mövzulardan yayındırmaq, müxtəlif auditoriyaları manipulyasiya etmək və bununla da qarşıya qoyulmuş tapşırığın yerinə yetirildiyi görüntüsünü yaratmaqdır.
Sabiq erməni rəsmi qeyd edib ki, daxili siyasi proseslərin yoxluğu Ermənistanın suverenliyinin və müstəqilliyinin zəiflədiyini göstərir.
“Ermənistanda daxili siyasi proseslər yoxdur. Nə qədər qəribə səslənsə də, reallıq budur. Görünür, ölkədə parlament, hökumət, ictimai və dövlət institutları, hüquqi-siyasi mexanizmlər mövcuddur. Lakin siyasi inkişaf yoxdur. Bunun əvəzinə siyasi məhbuslar, təbliğat zəhəri, hakimiyyət tərəfindən təşviq edilən nifrət nitqi və qorxu mühiti var. Ölkənin qarşısında çoxsaylı ciddi və təhlükəli təhdidlər, cəmiyyətin böyük problemləri, həllini gözləyən həyati məsələlər dayanır.
Bütün bunlar mövcuddur, amma siyasi proses yoxdur, siyasi düşüncə yoxdur, deməli, siyasət də yoxdur. Bəlkə bunun səbəbi ümumi məqsədlərin olmamasıdır? Yaxud belə məqsədlər varsa, onlara inanan kütlələr və cəmiyyətə rəhbərlik edə biləcək siyasi qüvvələr yoxdur? Düşünürəm ki, dəfələrlə haqqında danışdığımız və xəbərdarlıq etdiyimiz ən ağrılı reallığı etiraf etməyin vaxtı çatıb.
Daxili siyasi həyatın, fəal gündəmlərin, sağlam müzakirələrin və konstruktiv əməkdaşlığın olmaması Ermənistanın suverenliyinin və daxili müstəqilliyinin azalmasından təəssüf ki, açıq şəkildə xəbər verir. Hamımız sanki sirli bir gözlənti içərisində yaşayırıq: görəsən, xaricdə nə baş verəcək, Avropa necə reaksiya verəcək, Rusiya nə edəcək, İran ətrafındakı hadisələr hansı istiqamətdə inkişaf edəcək, ABŞ hansı təminatı verəcək, yaxud verməyəcək?
Bəs bütün bunların içərisində bizim rolumuz nədir? Bu qədər fəlakət və itkidən sonra biz nə etmək, nəyə nail olmaq istəyirik? Təəssüf ki, siyasi düşüncə bu barədə susur. Görəsən, Nikol Paşinyan düşüncəni də öldürə bilibmi?”, - deyə Zakaryan bildirib.
O hesab edir ki, ölkədə mövcud vəziyyət yalnız siyasi institutların formal mövcudluğu ilə aradan qalxmayacaq.
Zakaryan əlavə edib ki, Ermənistanın müstəqil siyasi gündəminə, ümumi məqsədlərə və həmin məqsədləri həyata keçirə biləcək siyasi qüvvələrə ehtiyacı var.
Alpər Mövludoğlu Ordu.az