Danimarka Rusiyanı ukraynalı reperə qarşı sui-qəsd planlaşdırmaqda ittiham edib


Danimarka hakimiyyəti istintaqın versiyasına görə, Rusiya kəşfiyyatının sifarişi ilə hazırlanmış ukraynalı reperə qarşı ehtimal olunan sui-qəsdin qarşısını alıb və Rusiyanın hərbi attaşesini ölkədən çıxarıb.
Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Danimarka hakimiyyəti ukraynalı reperə qarşı ehtimal olunan sui-qəsdin qarşısını alıb. Bu barədə cümə günü ölkənin baş nazirinin ofisi məlumat verib.
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Kopenhagenin cavab olaraq Rusiyanın hərbi attaşesini ölkədən çıxardığını açıqlayıb.
Danimarka polisinin məlumatına görə, ehtimal olunan sui-qəsd işi üzrə ölkədə qadağan edilmiş “Loyal to Familia” cinayətkar qruplaşması ilə əlaqələndirilən iki nəfər həbs edilib.
Danimarkanın DR televiziya və radio şirkəti məhkəmə iclasının materiallarına istinadən bildirib ki, həmin şəxslər Danimarkada planlaşdırılan çıxışından əvvəl ukraynalı reper “Kyivstoner”i öldürmək məqsədilə cəlb olunmaqda şübhəli bilinirlər.
İstintaqın versiyasına görə, polis sentyabrın 25-nə planlaşdırılan konsertdən qısa müddət əvvəl şübhəliləri saxlayaraq ehtimal olunan sui-qəsd planının qarşısını alıb. Konsert daha sonra ləğv edilib. Şübhəlilər avtomobildə saxlanılıb və orada bir neçə silah aşkar edilib.
İşin təfərrüatları hələ tam aydın deyil. Xüsusilə, polisin şübhəlilərin izinə necə düşdüyü və istintaqın Kyivstonerə qarşı ehtimal olunan sui-qəsddə iştirak etməkdə ittiham olunmayan daha iki nəfəri necə əhatə etdiyi açıqlanmayıb.
DR telekanalının məlumatına görə, dörd nəfərin hamısı sentyabr ayından həbsdə saxlanılır. Rusiya xüsusi xidmət orqanlarının iki danimarkalını necə cəlb etdiyi də açıqlanmayıb.
Danimarkanın baş naziri Mette Frederiksen hadisəni ölkənin və Avropanın təhlükəsizliyinə ciddi təhdidin göstəricisi adlandırıb.
“Bu, Danimarka və Avropada təhlükəsizlik vəziyyətinin nə qədər mürəkkəb olduğunu açıq şəkildə göstərir. Biz təzyiq altında olan, getdikcə daha aqressiv davranan və riskə getməyə daha çox hazır olan Rusiya ilə üz-üzəyik”, - deyə o bildirib.
Avropa İttifaqının nümayəndələri Danimarkaya dəstək ifadə ediblər. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen hadisənin Avropa İttifaqı ərazisinə hücum olduğunu bildirib və Rusiyanın hibrid hücumlarına məruz qalan Danimarka və digər ölkələrlə həmrəy olduqlarını vurğulayıb.
Avropa Şurasının sədri Antonio Koşta da Rusiyanın təhdid və təzyiq üsullarının Avropa İttifaqının Ukraynaya dəstəyi davam etdirmək qətiyyətini zəiflətməyəcəyini bildirib.
Kopenhagendəki Rusiya səfirliyi ittihamları rədd edib və cümə günü onların sübutlarla əsaslandırılmadığını bəyan edib.
Hadisə Rusiya ilə Avropa ölkələri arasında gərginliyin yenidən artdığı bir vaxtda baş verib. Cümə günü Polşa ərazisinə iki Rusiya raketi və ehtimal olunan PUA düşüb. Polşanın baş naziri bunun ölkədə keçirilən və Ukraynada mümkün müharibədən sonrakı missiyaya hazırlıqla əlaqəli təlimlərlə üst-üstə düşən təxribat ola biləcəyini ehtimal edib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə