Corc Vaşinqtonun saçından bir tutam 4 min dollara satıldı


ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun saçından götürülmüş bir tutam hərracda 4 min dollara satılıb.
Çağdaş.Az xəbər verir ki, çərçivəyə salınmış saç parçası ABŞ-da keçirilən hərrac zamanı yeni sahibinə təqdim edilib. Əşyanın alıcısının kimliyi açıqlanmayıb.
Məlumata görə, bu saç parçası 1799-cu ildə, Vaşinqtonun ölümündən qısa müddət əvvəl onu qonaq qəbul edən Con Qadsbiyə məxsus olub. Daha sonra kolleksiyaçı Con K. Lattimer tərəfindən Qadsbinin nəslindən əldə edilib.
Əşyanı satışa çıxaran “Richmond Auctions” şirkətinin məlumatına görə, Qadsbi 1799-cu ildə Virciniya ştatının Aleksandriya şəhərində yaşayırdı və Vaşinqtonu ölümündən qısa müddət əvvəl şam yeməyinə qəbul etmişdi.
Qadsbinin nəvəsi Culiya Ten Eyk MakBleyr 1928-ci ildə verdiyi açıqlamada bildirib ki, babası Vaşinqtonun saçını onunla olan dostluğu və həyatının son günləri ilə bağlı xatirə kimi əldə edib.
O qeyd edib ki, Qadsbi saç parçasını çərçivəyə salaraq evindəki Vaşinqton portretinin altında asıb və bu əşyanı uşaqlıqdan gördüyünü bildirib.
“Richmond Auctions”un məlumatına əsasən, Qadsbi Vaşinqtonun 1798 və 1799-cu illərdə keçirilən iki doğum günü tədbirinə də ev sahibliyi edib.
Qeyd edək ki, bu, Corc Vaşinqtonun saçının satıldığı ən bahalı hərrac deyil. 2021-ci ildə onun ölümündən əvvəl və ya sonra götürüldüyü düşünülən üç saç teli medalyonun içərisində saxlanılaraq təxminən 40 min dollara satılıb.
Corc Vaşinqton ABŞ-ın Müstəqillik müharibəsində ölkənin qüvvələrinə rəhbərlik edərək Britaniyaya qarşı qələbə qazanılmasında mühüm rol oynayıb. O, həmçinin ABŞ Konstitusiyasının hazırlanmasında iştirak edib və 1789-cu ildə ölkənin ilk prezidenti seçilib. İki prezidentlik müddətindən sonra 1797-ci ildə vəzifəsini tərk edib.
Vaşinqtonun saçından götürülmüş bir çox nümunə bu günədək qorunub saxlanılır. Onlardan ən azı 50-si onun keçmiş iqamətgahı olan və hazırda muzey kimi fəaliyyət göstərən Mount Vernon kolleksiyasında yerləşir.
Mount Vernon-un məlumatına görə, yaxın insanlara aid saç nümunələrinin xatirə kimi saxlanılması xüsusilə XIX əsrdə geniş yayılmışdı və Vaşinqton ailəsi kimi imkanlı ailələr arasında uzun müddət məşhur ənənə olub.
Vaşinqtonla bağlı digər tarixi əşyalar da hərraclarda yüksək qiymətlərə satılıb. Məsələn, iyul ayında onun 1776-cı ildə yazdığı və Britaniyaya qarşı döyüşmək üçün Kontinental Orduya əsgər çağırdığı imzalı məktubu 109 800 dollara alıcı tapıb.
Report+1 mənbə