Ukrayna lideri ABŞ-yə çağırış edib


Ukraynanın Kiyev vilayətinin Dimer qəsəbəsində Rusiya dronunun yaşayış binasına endirdiyi zərbədən sonra 14 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.
Ölkə.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat paylaşıb.
Dövlət başçısı hadisə yerində xilasetmə işlərinin fasiləsiz davam etdiyini bildirib:
"Səhər saatlarından etibarən Kiyev vilayətindəki Dimerdə axtarış-xilasetmə əməliyyatı aparılır. Rusiya dronunun hücumu nəticəsində beşmərtəbəli binanın bir bloku qismən dağılıb. Artıq doqquz nəfər təxliyə edilib, yanğın isə lokallaşdırılıb. Lakin təəssüf ki, dağıntılar altında hələ də insanların qalması ehtimalı var – 14 nəfərlə əlaqə yaratmaq mümkün deyil. Bütün zəruri xidmətlər ərazidə fəaliyyət göstərir".
Volodimir Zelenskinin sözlərinə görə, ümumilikdə son bir həftə ərzində Rusiya ordusu Ukraynanın 20-dən çox regionunu hədəfə alıb:
"Rusiya hərbçiləri bu müddətdə ölkə ərazisinə 2700-ə yaxın dron, 1460-a yaxın idarəolunan aviabomba və müxtəlif tipli 165 raket atıblar".
Hücumların intensivləşməsi fonunda Ukrayna lideri ABŞ-ni PURL proqramı çərçivəsində tərəfdaş ölkələr tərəfindən ödənişi artıq həyata keçirilmiş "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin Kiyevə təhvil verilməsinə icazə verməyə çağırıb.
