Cəmiyyətdə aqressiv davranışlar normaya çevrilir? - Sosioloq AÇIQLADI


İctimai nəqliyyatda, küçələrdə və gündəlik ünsiyyətdə insanların bir-birinə qarşı daha tez əsəbiləşməsi, adi anlaşılmazlıqların mübahisəyə çevrilməsi diqqət çəkən hallardandır. Bəzən kiçik bir gecikmə, sıxlıq və ya xoşagəlməz söz qarşı tərəfin aqressiv reaksiyasına səbəb olur. Bu davranışların arxasında isə təkcə fərdi xarakter deyil, sosial-iqtisadi çətinliklər, gündəlik stress, maddi qayğılar və şəhər həyatının yaratdığı gərginlik də dayanır.
Bəs küçə aqressiyasının artmasına hansı amillər təsir edir və bu davranışların qarşısını necə almaq olar?
Bu barədə Ekologiya.az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib:
"Ümumiyyətlə, aqressiv davranışın bir sıra obyektiv və subyektiv səbəbləri var. Bu səbəblər gündəlik həyatda müxtəlif formalarda özünü göstərir. Məsələn, insanların işə vaxtında çatmaqda çətinlik çəkməsi, işlə bağlı qayğılar, maddi ehtiyaclar, gün ərzində bir neçə istiqamətdə hərəkət etmək məcburiyyəti və ictimai nəqliyyatdan istifadə zamanı yaranan problemlər müəyyən gərginliyə, narahatlığa və aqressiyaya səbəb ola bilər.
Təbii ki, insan öz emosiyalarını tənzimləməyi bacarmalıdır. Lakin bunu hər zaman və hər bir vəziyyətdə təmin etmək mümkün olmur. Hər kəsin səbrinin, gözləntilərinin və davranış imkanlarının müəyyən həddi var. Belə hallar kütləviləşdikdə isə cəmiyyətin ümumi balansına və rifahına təsir edən ciddi problemlərdən birinə çevrilir.
Digər tərəfdən, aqressiv davranış həm obyektiv sosial səbəblərlə, həm də fərdi meyillərlə əlaqəli ola bilər. Fərdi səbəblər insanın xarakterindən, həyat tərzindən və sağlamlıq vəziyyətindən qaynaqlana bilər. Kütləvi sosial səbəblər isə əsasən sosial-iqtisadi çətinliklər, informasiya stresi və gündəlik həyatda qarşılaşılan tənzimləmə problemləri ilə bağlıdır.
İnsanlar gündəlik həyatda gərginlik və narahatlıq yaşayır, xüsusilə nəqliyyatdan istifadə zamanı sıxlıq, intensivlik və müxtəlif çətinliklərlə üzləşirlər. Bunlar aqressiyaya səbəb olan real amillərdir. Həmin problemlərin dərin səbəblərini araşdırdıqda isə yenidən sosial-iqtisadi amillər ön plana çıxır.
İnsan normal yaşayış şəraitinə malik olduqda, ilkin tələbatlarını ödəyə bildikdə, istirahətə, rahatlığa, mədəni fəaliyyətə və ünsiyyətə vaxt ayırdıqda aqressiyanın yaranma ehtimalı da azalır. Mənəvi tələbatların ödənilməsi, şəxsi tərbiyə, sosial rifah, intellektual inkişaf və sağlam münasibətlərin formalaşması bu baxımdan mühüm əhəmiyyət daşıyır".
Onun sözlərinə görə, ilkin tələbatların ödənilməməsi və davamlı maddi qayğılar insanlarda psixoloji gərginliyi və aqressiyanı artıran əsas amillərdəndir:
"Məsələnin iqtisadi tərəfi ondan ibarətdir ki, insan ilkin tələbatlarını ödəyə bilmədikdə onda aqressiyanın yaranması ehtimalı artır. İnsanların böyük bir hissəsi gündəlik qayğılarla yüklənir və bu qayğıların davamlı xarakter alması əlavə psixoloji gərginlik yaradır. Nisbətən imkanlı təbəqənin də özünəməxsus problemləri var. Mülkiyyət hüququ ilə bağlı çətinliklər, əmlak dövriyyəsində yaşanan problemlər, maliyyə manipulyasiyaları və iri korporasiyalarla əlaqəli məsələlər həmin təbəqədə də stressi artıran amillər kimi çıxış edir".
Ekspert qeyd edib ki, nəqliyyatın düzgün idarə olunması, ictimai infrastrukturun təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə gündəlik gərginliyi və aqressiyanı azalda bilər:
"Bu baxımdan düzgün tənzimləmə və optimal idarəetmə mexanizmlərinin tətbiqi vacibdir. Hər kəsin bu prosesdə bərabər və səmərəli iştirakının təmin edilməsi nəqliyyat sıxlığını və digər sosial problemləri əhəmiyyətli dərəcədə azalda bilər. Bu, müəyyən mənada sosial-informasiya menecmenti prosesidir.
Xüsusilə nəqliyyatın düzgün idarə olunması, sosial infrastruktur problemlərinin həlli və ictimai nəqliyyatın hərəkət intensivliyinin artırılması mühüm əhəmiyyət daşıyır. Şəxsi avtomobillərin çoxluğu özlüyündə əsas problem deyil, burada başlıca məsələ onlardan düzgün və səmərəli istifadədir. İnsanlar avtomobildən istifadə etməzdən əvvəl bunun nə dərəcədə zəruri olduğunu da nəzərə almalıdırlar.
Məsələn, sürücü gündəlik qazancını təmin etmək üçün daha çox müştəri aparmağa çalışır. Sərnişin isə ünvanına vaxtında çatmaq istəyir. Tərəflərdən biri gözləməli olduqda narazılıq və aqressiya yaranır. Bu, gündəlik həyatda müşahidə etdiyimiz minlərlə oxşar vəziyyətdən yalnız biridir. Bəzən eyni vaxtda çox sayda insan eyni istiqamətə hərəkət edir, lakin nəqliyyat və məkan imkanları bu tələbatı qarşılamağa kifayət etmir. Nəticədə həm sürücülər, həm də sərnişinlər gərginlik yaşayırlar".
Mütəxəssis həmçinin vurğulayıb ki, küçə aqressiyasının azaldılması üçün psixoloji və sosial tədbirlərlə yanaşı, insanların davranış mədəniyyətinin formalaşdırılması və gündəlik problemlərin sistemli şəkildə həlli vacibdir:
Məsələn, sürücü gündəlik qazancını təmin etmək üçün daha çox müştəri aparmağa çalışır. Sərnişin isə ünvanına vaxtında çatmaq istəyir. Tərəflərdən biri gözləməli olduqda narazılıq və aqressiya yaranır. Bu, gündəlik həyatda müşahidə etdiyimiz minlərlə oxşar vəziyyətdən yalnız biridir. Bəzən eyni vaxtda çox sayda insan eyni istiqamətə hərəkət edir, lakin nəqliyyat və məkan imkanları bu tələbatı qarşılamağa kifayət etmir. Nəticədə həm sürücülər, həm də sərnişinlər gərginlik yaşayırlar.
Bu cür problemlərin həllində ağıllı texnologiyaların tətbiqi, nəqliyyat sistemlərinin yenilənməsi və insanların eyni məkanlarda həddindən artıq cəmləşməsinin qarşısını alan mexanizmlərin yaradılması faydalı ola bilər. Eyni zamanda, ağıllı psixososial müdaxilə mexanizmlərinin tətbiqi də zəruridir. Yəni aqressiyanın azaldılması üçün psixoloji, iqtisadi və idarəetmə istiqamətlərində kompleks tədbirlər görülməlidir.
Əks halda, obyektiv və subyektiv səbəblərdən yaranan çətinliklər kütləvi xarakter alaraq aqressiv davranışların gündəlik həyatın bir hissəsinə çevrilməsinə şərait yarada bilər. İnsanlar əsəbi cavab verməyi, mübahisə etməyi və özündən çıxmağı problemin həlli yolu kimi görməyə başlayırlar. Bu isə cəmiyyətdə emosional, psixoloji və fiziki yüklənməni, sosial və informasiya stresini daha da artırır.
Ümumilikdə, küçə aqressiyasının qarşısının alınması üçün ilk növbədə kütləvi davranış mədəniyyətinin düzgün formalaşdırılması vacibdir. Burada psixoloji amillər də xüsusi rol oynayır. Bəzi insanlar konfliktə daha meyilli ola və yaranan mübahisələri şəxsi müstəviyə keçirə bilərlər. Lakin bu davranışları da müəyyən tədbirlər vasitəsilə tənzimləmək mümkündür. İnsanlar normal davranış və düşüncə tərzinə malik olduqda, bir qayda olaraq, münaqişədən uzaq durmağa çalışırlar.
Ancaq normadan kənar davranışlar geniş yayıldıqda və qaydaların pozulması adi hal kimi qəbul edildikdə aqressiya da gündəlik həyatın normasına çevrilməyə başlayır. Bu isə yolverilməzdir. Çünki belə davranışlar insanların sosial rifahına, ailə sabitliyinə, təhlükəsizliyinə və gələcək inkişafına mənfi təsir göstərir. Hətta müəyyən hallarda milli təhlükəsizlik maraqları baxımından da arzuolunmaz nəticələr yarada bilər".
"Unutmamalıyıq ki, cəmiyyətin, dövlətin və bütün sosial institutların əsas məqsədlərindən biri insanların rifahını, təhlükəsizliyini və gündəlik problemlərinin həllini təmin etməkdir. Aqressiv davranışlar isə bu nizamı pozan amillərdəndir. Ona görə də aqressiyanın arxasında dayanan sosial-iqtisadi və psixoloji səbəblər aradan qaldırıldıqca bu problemin səviyyəsini minimuma endirmək və onun kütləvi xarakter almasının qarşısını almaq mümkündür",-deyə sonda əlavə edilib.
Zümrüd Abidqızı
1 mənbə