Həkim uşaqların gün ərzində nə qədər vaxtı açıq havada keçirməli olduğunu açıqlayıb


19.11.2026 - 18:18
Uşaqların müntəzəm olaraq açıq havada vaxt keçirməsi onların fiziki inkişafına müsbət təsir göstərir, yuxu keyfiyyətini yaxşılaşdırır və diqqətin qorunmasına kömək edir.
Bu barədə nevroloq Yekaterina Demyanovskaya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, açıq havada gəzinti əzələləri və ürəyi möhkəmləndirir, düzgün bədən duruşunun formalaşmasına kömək edir. Günəş şüalarının təsiri ilə dəridə D vitamini sintez olunur. Bu vitamin isə orqanizmdə kalsiumun mənimsənilməsi üçün vacibdir.
Həkim uşaqların yaşından asılı olaraq gündəlik açıq havada qalma müddətinin fərqli olduğunu vurğulayıb:
3 yaşadək uşaqlar: gündə 4–5 saatadək;
Məktəbəqədər yaşlı uşaqlar: ən azı 3–4 saat;
Kiçik məktəbyaşlı uşaqlar: 2–3 saat;
Yeniyetmələr: 1,5–2 saat.
Demyanovskayanın sözlərinə görə, zərurət yarandıqda bu müddəti gün ərzində bir neçə gəzintiyə bölmək mümkündür.
Nevroloq qeyd edib ki, gün işığı yuxu və əhval-ruhiyyəyə təsir göstərən melatonin və serotonin hormonlarının istehsalının tənzimlənməsində iştirak edir. Fiziki aktivlik isə beynin qan dövranını yaxşılaşdırır və yeni sinir əlaqələrinin formalaşmasını dəstəkləyir.
Açıq havada vaxt keçirmək uşaqların görmə sağlamlığı üçün də faydalıdır. Belə ki, uşaqlar çöldə olarkən uzaq məsafələrə daha çox baxır, hərəkət edir və telefon, kitab oxumaq, eləcə də digər məşğələlər zamanı gözlərini yormaqdan fasilə əldə edirlər.
Mütəxəssis əlavə edib ki, ətraf mühitdəki müxtəlif səslər, işıq və digər hissiyyat stimulları sinir sisteminin uyğunlaşma qabiliyyətini inkişaf etdirir. Hərəkətli oyunlar isə uşaqların koordinasiya bacarıqlarının formalaşmasına kömək edir.
//Gülnarə Abasova, Editor.az
1 mənbə