Bu ölkələri seçki təlatümləri gözləyir – Ukraynaya ŞOK


137 18.11.2026 15:50 Dünya A A
2027-ci ildə Avropa İttifaqına üzv dövlətlərin bir çoxunda hakimiyyətlərin taleyini həll edəcək mühüm seçkilər keçiriləcək. Fransada prezident seçkiləri, Polşada, Yunanıstanda, İtaliyada, Finlandiyada, Slovakiyada parlament seçkiləri olacaq. Bir sıra siyasi analitiklərin hesablamalarına görə, Avropa ölkələrində keçiriləcək seçkilər Ukraynaya yardım etmək əleyhinə olan qüvvələrin qalib gəlməsi ilə nəticələnə bilər. Çünki artıq Avropa ölkələri əhalisi iqtisadi sıxıntılardan yorulub və əsas günahı Ukraynaya olan yardımlarda görür.
Seçkilərin proqnozlaşdırıldığı kimi nəticələr ortaya çıxarması Avropada vəziyyəti bir az da gərginləşdirəcəyi və Ukraynaya yardımların xeyli azalmasına səbəb ola biləcəyi təhlükəsi vəd edirmi? Rusiya-Ukrayna müharibəsinin bu qədər uzanması Avropa İttifaqı ölkələrində iqtidarların dəyişməsində ciddi faktorlardan biri hesab edilə bilərmi?
Politoloq Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, 2027-ci ildə Avropada keçiriləcək seçkilər təkcə ayrı-ayrı ölkələrin daxili siyasi həyatına deyil, bütövlükdə Avropa İttifaqının gələcək xarici siyasətinə, təhlükəsizlik strategiyasına və Ukraynaya dəstək mexanizmlərinə təsir göstərə biləcək mühüm hadisələrdir:
“Rusiya-Ukrayna müharibəsinin uzanması, enerji və yaşayış xərcləri, inflyasiyanın yaratdığı sosial narazılıqlar, miqrasiya problemi və Avropanın müdafiə xərclərinin artması bir sıra ölkələrdə siyasi müzakirələrin əsas mövzularına çevrilib. Bu şəraitdə Ukraynaya hərbi və maliyyə yardımının davam etdirilməsi məsələsi də seçki mübarizəsinin mühüm istiqamətlərindən biri ola bilər. Əgər 2027-ci ildə Avropa ölkələrindəki seçkilərdə Ukraynaya dəstəyin azaldılmasını müdafiə edən siyasi qüvvələr hakimiyyətə gələrsə, ilk növbədə Ukraynaya hərbi yardımların həcmi azala, xüsusilə silah, sursat, hava hücumundan müdafiə sistemləri və hərbi texnikanın tədarükündə gecikmələr yarana bilər. Maliyyə dəstəyi ilə bağlı mübahisələr arta, Ukraynanın büdcə xərclərinin maliyyələşdirilməsi məsələsi Avropa parlamentlərində daha ciddi müzakirə oluna bilər. Rusiyaya qarşı sanksiyaların zəifləyə, sanksiyaların uzadılması və yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı siyasi razılaşmaların çətinləşə biləcəyi də istisna deyil. Bundan başqa, Ukrayna məsələsinə Avropa İttifaqının vahid mövqeyi zəifləyə, ayrı-ayrı dövlətlərin fərqli siyasət yürütməsi Brüsselin qərar qəbul etməsini çətinləşdirə bilər. Aİ-nin çoxillik büdcəsi və xarici siyasətində bir sıra qərarlar üzv dövlətlərin yekdil razılığını tələb edir. Buna görə də Ukraynaya dəstək məsələsində fərqli mövqedə olan bir neçə hökumətin hakimiyyətə gəlməsi ümumavropa qərarlarına təsir göstərə bilər. Bununla belə, bütün qərarlar yekdilliklə qəbul edilmir və bəzi sahələrdə səs çoxluğu mexanizmi mövcuddur. Digər tərəfdən, Avropa ölkələri ABŞ-nin siyasətindən asılılığı azaltmaq məqsədilə öz müdafiə sənayesinə investisiyaları artıra və Ukraynaya dəstək mexanizmlərini institusional əsasda davam etdirə bilərlər. Yəni Avropada ayrı-ayrı hökumətlərin dəyişməsi avtomatik olaraq bütün Avropa İttifaqının Ukrayna siyasətinin dəyişəcəyi demək olmayacaq”.
Ekspert deyib ki, Avropada hökumətlərin taleyini yalnız Ukrayna müharibəsi ilə əlaqələndirmək doğru olmazdı:
“Müharibə Avropanın daxili problemlərini daha da qabardan amillərdən biridir. Məsələn, enerji qiymətlərinin artması, müdafiə xərclərinin yüksəlməsi, büdcə kəsirləri və sosial proqramların maliyyələşdirilməsi əhalinin gündəlik həyatına təsir edir. Seçicilər isə ilk növbədə öz iqtisadi vəziyyətlərinin yaxşılaşmasını istəyirlər. Müharibə uzandıqca hökumətlərin qarşısında belə bir siyasi dilemma yaranır ki, Ukraynaya dəstəyin davam etdirilməsi ilə daxili sosial-iqtisadi ehtiyacların maliyyələşdirilməsi arasında necə tarazlıq yaratmaq olar? Bu sual xüsusilə Fransa, İtaliya və Polşa kimi böyük dövlətlərdə seçki müzakirələrinin mühüm hissəsinə çevrilə bilər”.
Etibar Seyidağa,Musavat.com
