Böyük Qayıdış prosesi artıq real nəticələrlə müşayiət olunur - ŞƏRH


Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycanın Vətən müharibəsində qazandığı böyük Zəfər xalqımızın çoxəsrlik tarixində müstəsna əhəmiyyətə malik hadisədir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaqla yanaşı, xalqımızın milli birliyinin, iradəsinin, vətənpərvərliyinin və öz haqqı uğrunda mübarizə əzminin təntənəsi kimi tarixə düşdü. 44 gün ərzində Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, öz suveren hüquqlarının və milli maraqlarının müdafiəsi üçün qətiyyətlidir və heç bir qüvvənin onun haqqını tapdalamasına imkan verməyəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
“Vətən müharibəsindəki Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, iqtisadi potensialının bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi oldu. Son illər ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Bu proses yalnız dağıdılmış şəhər və kəndlərin bərpası ilə məhdudlaşmır, eyni zamanda, müasir infrastrukturun yaradılmasını, yeni iqtisadi münasibətlərin formalaşdırılmasını və həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını əhatə edir.
2020-2026-ci illərdə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 26 milyard manata yaxın vəsait ayrılıb, 2027-cı il üçün isə bu məqsədlə 3,4 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, 2027-cı il də daxil olmaqla, bu istiqamətdə dövlət büdcəsindən ayrılan vəsaitin ümumi həcmi 30 milyard manata yaxın olacaq. Bu rəqəmlər dövlətimizin Böyük Qayıdış prosesinə verdiyi strateji əhəmiyyətin və qarşıya qoyulan məqsədlərin miqyasının göstəricisidir”, - deyə A.Badamov vurğulayıb.
Deputat əlavə edib ki, Böyük Qayıdış prosesi artıq real nəticələrlə müşayiət olunur. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər yenidən qurulur, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, sosial obyektlər və digər infrastruktur müəssisələri istifadəyə verilir. 2026-cı ilin oktyabrına olan məlumata görə, 48 yaşayış məntəqəsinə 47 mindən çox insan qayıdıb, işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən və təhsil alan insanların ümumi sayı isə 100 minə yaxınlaşıb. Bu prosesin davamlılığının təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sosial infrastrukturun inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
“Təhsil və elmin inkişafı da Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması regionda yeni təhsil və elmi mərkəzin formalaşmasına şərait yaradıb. Universitetin fəaliyyəti gənclərin doğma torpaqlarda təhsil almasına, yüksəkixtisaslı kadrların yetişdirilməsinə və regionun intellektual potensialının inkişafına xidmət edir.
Digər mühüm istiqamət işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması və yeni iş yerlərinin yaradılmasıdır. Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası kimi sənaye mərkəzlərinin fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni müəssisələrin yaradılması, sahibkarlığın təşviqi və investisiyaların cəlb edilməsi doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq imkanlarının genişləndirilməsinə də töhfə verir”, - deyə A.badamov əlavə edib.