Borc verib pulunu geri ala bilməyənlər nə etməlidir? – HÜQUQİ İZAH


CƏMİYYƏT SON DƏQİQƏ
19 noyabr 2026 17:25 8 baxış
Gündəlik həyatda insanlar arasında borc münasibətləri tez-tez yaranır. Bəzən yaxınlıq və etimada görə pul yazılı müqavilə bağlanmadan verilir. Lakin sonradan borclunun vəsaiti qaytarmaqdan yayınması tərəflər arasında mübahisələrə səbəb olur.
Belə hallarda borc verən şəxs pulunu hüquqi yolla geri ala bilərmi? Yazılı müqavilə olmadıqda borcun mövcudluğu hansı sübutlarla təsdiqlənir və borcu qaytarmayan şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?
Bu barədə Ekologiya.az-a açıqlama verən hüquqşünas Elnur Məmmədov bildirib:
"Borc müqaviləsi yazılı şəkildə bağlanmasa belə, verilmiş pulun geri tələb edilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc münasibətləri yaranır və borc alan aldığı vəsaiti geri qaytarmaq öhdəliyi daşıyır. Borcun mövcudluğunu sübut etmək üçün bank köçürmələri, pulun verilməsini təsdiq edən qəbzlər, WhatsApp və SMS yazışmaları, səs yazıları, şahid ifadələri və borclunun borcu etiraf etməsi kimi sübutlardan istifadə oluna bilər. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, yazılı müqavilənin olmaması digər yazılı və elektron sübutların nəzərə alınmasını istisna etmir".
Mütəxəssis qeyd edib ki, borc tələbləri üzrə iddia müddəti 3 il təşkil edir və bu müddətin keçməsi borcu avtomatik olaraq qüvvədən salmır:
"Borcun qaytarılması müddətinə gəlincə, tərəflər arasında konkret müddət razılaşdırılıbsa, borc həmin müddətdə qaytarılmalıdır. Müddət müəyyən edilmədikdə isə borcun tələb edilməsi və müqavilənin ləğvi ilə bağlı qanuni qaydalar nəzərə alınır. Borc tələbləri üzrə ümumi iddia müddəti 3 ildir. Bu müddət, bir qayda olaraq, şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu, yəni borcun qaytarılmalı olduğu tarixdən hesablanır. Müddətin ötürülməsi borcu avtomatik silmir, lakin borclu məhkəmədə iddia müddətinin tətbiqini tələb etdikdə, bu, iddianın təmin edilməməsinə səbəb ola bilər".
Ekspertin sözlərinə görə, borcun qaytarılmaması əsasən mülki məsuliyyət yaratsa da, ilkin dələduzluq niyyəti sübuta yetirilərsə, şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər:
"Hüquqi məsuliyyət baxımından borcun qaytarılmaması, bir qayda olaraq, mülki-hüquqi məsuliyyət yaradır. Borclu məhkəmə qaydasında borcun əsas məbləğini, qanuni əsaslar olduqda faizləri və dəymiş zərəri ödəməyə məcbur edilə bilər. Lakin şəxs pulu əvvəlcədən aldatma və ya etibardan sui-istifadə yolu ilə mənimsəmək niyyəti ilə əldə edibsə, əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) üzrə cinayət məsuliyyəti yarada bilər. Sadəcə borcun qaytarılmaması isə avtomatik olaraq dələduzluq hesab edilmir, bununçün ilkin mənimsəmə niyyəti sübuta yetirilməlidir".
Zümrüd Abidqızı
