BMT-nin Beynəlxalq Məhkəməsi bu ölkəni soyqırımda təqsirli BİLDİ


BMT-nin Beynəlxalq Məhkəməsi Myanmanın müsəlman rohincalar azlığına qarşı soyqırım törətdiyini təsdiqləyib. Qərarın lehinə doqquz hakim səs verib, altı hakim isə əleyhinə çıxıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu, məhkəmənin tarixində bir dövlətin soyqırım törətməyə görə məsuliyyət daşıdığının ilk dəfə təsdiqlənməsidir. Haaqada Qambiyanın iddiası üzrə qərarı elan edən məhkəmənin sədri Yuji İvasava bildirib ki, Myanma Rakhayn ştatının şimalında rohincalara qarşı soyqırım törədərək Soyqırım Konvensiyası üzrə öhdəliklərini pozub.
Məhkəmənin müəyyən etdiyi faktlara görə, 2017-ci ildə keçirilən əməliyyat zamanı Myanmanın təhlükəsizlik qüvvələri rohincalara məxsus minlərlə dinc sakini öldürüb və Banqladeşə qaçmağa çalışan insanlara hücum edib. Hakimlərin qənaətinə görə, əməliyyat iştirakçıları rohincaların əhəmiyyətli hissəsini məhv etmək niyyəti ilə hərəkət ediblər. Myanma hakimiyyəti isə məhkəmə prosesində əməliyyatın silahlı qruplaşmalara qarşı keçirildiyini iddia edib.
Qeyd edək ki, Qambiya 2019-cu il noyabrın 11-də BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib. Ölkə Myanmanın Soyqırım Konvensiyası üzrə öhdəliklərini pozduğunun tanınmasını, qanunsuz əməllərin dayandırılmasını, zərərçəkmiş rohincalara kompensasiya ödənilməsini və pozuntuların təkrarlanmayacağına dair təminat verilməsini istəyib.
2020-ci il yanvarın 23-də məhkəmə Myanmaya qarşı müvəqqəti tədbirlərin görülməsi barədə qərar qəbul edib. Sonradan Myanma hakimiyyəti məhkəmənin yurisdiksiyasına və Qambiyanın müraciətinin qəbuledilənliyinə dair ilkin etirazlar irəli sürüb. 2022-ci il iyulun 22-də isə məhkəmə işə baxmaq səlahiyyətinin olduğunu təsdiqləyib və iddianı qəbuledilən hesab edib.
Prosesə daha 11 ölkə də qoşulub. Bunlar Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Konqo Demokratik Respublikası, İrlandiya, Kanada, Maldiv adaları, Niderland, Sloveniya və Fransadır. Məhkəmə həmin ölkələrin yazılı rəylərini kifayət hesab edərək onları şifahi dinləmələrə cəlb etməyib.
İşin mahiyyəti üzrə dinləmələr cari ilin yanvarın 12-dən 29-dək keçirilib.
Xədicə BAXIŞLI
Dərc vaxtına görə
Redaktor.azoxuduğunuz
BMT-nin Beynəlxalq Məhkəməsi bu ölkəni soyqırımda təqsirli BİLDİ
