“Bloomberg”: Putin Kalininqraddan Rusiya qoşunlarının çıxarılması müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir


Rusiya Ukrayna ilə bağlı ABŞ ilə danışıqlarda Kalininqrad vilayətindən qoşunlarını çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını təklif edib.
Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrinə istinadən yazıb.
Mənbələrin sözlərinə görə, bu ideyanı ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Avropalı müttəfiqlərə təqdim ediblər. Onlar Ukraynadakı müharibənin başa çatdırılması üçün yeni yanaşmaların zəruri olduğunu bildiriblər.
Avropa İttifaqının liderləri təklifi rədd etsələr də, Rusiya tərəfi ilə təhlükəsizlik məsələlərinə dair texniki danışıqlar aparmağa razılıq veriblər.
Bundan əvvəl “The Telegraph” nəşrinin mənbələri Putinin sülh prosesinə Avropa nümayəndələrinin cəlb edilməsini, NATO-nun şərqə doğru genişlənməsindən imtina məsələsinin müzakirəsini təklif etdiyini bildirmişdilər.
Noyabrın 11-də Əbu-Dabidə ABŞ və Ukrayna ilə keçirilən üçtərəfli danışıqlarda Rusiya nümayəndə heyəti müharibənin başa çatdırılması üçün NATO-nun 1997-ci ildən sonra Alyansa üzv olmuş ölkələrdə hərbi mövcudluğunu azaltmasını tələb edib.
Moskva nümayəndələri NATO-nun Ukrayna və postsovet məkanındakı digər dövlətlərlə əməkdaşlığını da azaltmalı olduğunu bildiriblər. Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bu tələbləri Rusiya üçün “təhlükəsizlik zəmanətləri” kimi təqdim edib.
Moskva oxşar şərtləri 2021-ci ilin dekabrında da, Ukraynaya genişmiqyaslı müdaxilədən bir neçə həftə əvvəl NATO-ya irəli sürmüşdü.
Həmin vaxt Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO-dan “əşyalarını yığmasını” tələb etmiş, Alyansı Rusiyanı guya “geri sıxışdırmağa” və “tabe mövqeyə salmağa” çalışmaqda ittiham etmişdi.
“The Telegraph” nəşrinin mənbələri vurğulayıblar ki, Şimali Atlantika Alyansı üçün belə şərtlər qəbuledilməzdir.
NATO-nun “1997-ci il sərhədlərinə” qayıtması Alyansın 32 üzv ölkəsindən ən azı 16-sının ərazisindən NATO qoşunlarının və silahlarının çıxarılmasını nəzərdə tutur. Bu ölkələrə Varşava Müqaviləsi Təşkilatının bütün keçmiş üzvləri, Baltikyanı ölkələr, keçmiş Yuqoslaviyanın altı respublikasından dördü, eləcə də Albaniya, Finlandiya və İsveç daxildir.
NATO-nun təsis müqaviləsinin 10-cu maddəsində “açıq qapı” siyasəti təsbit olunub. Həmin maddəyə əsasən, müqavilənin tələblərinə cavab verən istənilən Avropa dövləti öz istəyi və Alyansın bütün mövcud üzvlərinin razılığı ilə NATO-ya qoşula bilər. Bu prosesə üçüncü tərəfin müdaxiləsi nəzərdə tutulmur.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə