Beynəlxalq Enerji Agentliyi: Hörmüzdən keçən neft axını 2030-cu ildə 8,5 milyon barelə enə bilər


Bakı, 19 noyabr, AZƏRTAC
Hörmüz boğazında və bütövlükdə regionda vəziyyət qeyri-müəyyən olaraq qaldığından 2026-cı il böhranı enerji sektorunda uzunmüddətli izlər buraxa bilər. Bu isə enerji təhlükəsizliyi və əlçatanlığını enerji siyasətinin əsas prinsiplərinə çevirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında bildirilir.
IEA-nın icraçı direktoru Fatih Birol bildirib ki, Hörmüz boğazındakı böhran enerji sisteminə böyük zərbə vurub. Onun sözlərinə görə, enerji sektoru və dünya iqtisadiyyatı kifayət qədər dayanıqlılıq nümayiş etdirsə də, böhranın davametmə müddəti uzandıqca onun təsirləri daha da dərinləşəcək.
“Hazırkı qarışıqlıqdan sonrakı dövrə nəzər salan bu hesabat bugünkü böhranın nəticəsində yarana biləcək müxtəlif enerji gələcəyini araşdırır. Heç biri proqnoz xarakteri daşımayan çoxsaylı ssenarilər və geniş təhlillər ölkələrə növbəti addımlarını müəyyənləşdirməkdə istiqamət verə bilər. Enerji təhlükəsizliyini gücləndirmək istəyən ölkələr bir asılılığı digəri ilə əvəz etməməyə diqqət yetirməlidirlər. Bununla belə, sevindirici məqam ondan ibarətdir ki, enerji təhlükəsizliyi ilə enerji keçidi indiyədək heç vaxt olmadığı qədər sıx şəkildə əlaqələnib”, – deyə F.Birol qeyd edib.
Təchizat mənbələrinin şaxələndirilməsi mövcud enerji ticarəti modellərini də dəyişə bilər. Hesabata görə, Hörmüz boğazından gəmiçilik üçün ciddi risklərin uzun müddət davam etdiyi ssenaridə yeni alternativ boru kəmərlərinə investisiyalar, digər təchizat mənbələrinin inkişafı və idxalçı ölkələrin tələbatı azaltmaq istiqamətində tədbirləri boğazdan keçən gündəlik neft axınını böhrandan əvvəlki 20 milyon bareldən 2030-cu ildə 8,5 milyon barelə, 2035-ci ildə isə 2 milyon bareldən aşağı səviyyəyə endirə bilər.
Bununla belə, hətta belə ekstremal ssenaridə də Yaxın Şərq beynəlxalq bazarlara neft ixrac edən ən böyük region olaraq qalacaq. Bu isə onun qlobal enerji təhlükəsizliyində mühüm mövqeyini qoruduğunu göstərir. Yaxın Şərqdəki münaqişənin müddəti və nəticələri, eləcə də Hörmüz boğazından enerji axınlarına təsiri ilə bağlı qeyri-müəyyənlik nə qədər uzun sürərsə, hökumətlərin şaxələndirmə, yerli resurslardan istifadə və elektrikləşmə istiqamətindəki yeni yanaşmaları uzunmüddətli dövlət siyasətinə çevirməsi ehtimalı bir o qədər artacaq. Bu ilki hesabatda həmin tendensiyanın əsas ssenarilərlə müqayisədə mümkün inkişafını araşdıran ayrıca ssenariyə də yer verilib.
Hesabatda Yaxın Şərqdəki münaqişənin tam həll olunacağı təqdirdə neft və təbii qaz bazarlarında baş verə biləcək dəyişikliklər də təhlil edilir. Belə bir vəziyyətin bir-birinə zidd bazar tendensiyalarını üzə çıxara biləcəyi bildirilir. Qlobal neft və təbii qaz təchizatı, xüsusilə də mayeləşdirilmiş təbii qazın (LNG) təxirə salınmış yeni tədarük həcmlərinin bazara daxil olması ilə əhəmiyyətli dərəcədə arta bilər. Nəticədə neft və qaz bazarında təklifin tələbi üstələdiyi vəziyyət yarana, ehtiyatların bərpasına baxmayaraq, qiymətlərə azalma təzyiqi güclənə bilər. Bununla yanaşı, xüsusilə elektrikləşmənin sürətlənməsi nəticəsində tələbatın strukturunda baş verən dəyişikliklər hər iki yanacaq növü üzrə uzunmüddətli perspektivlərə təsir göstərə bilər.
Dərc vaxtına görə
