Belə evlər söküləndə kompensasiya verilmir — Açıqlama


Bakıda və digər bölgələrdə aparılan söküntü işləri zamanı sənədsiz evlərdə yaşayan vətəndaşların hüquqları məsələsi də gündəmə gəlir. Belə hallarda ev sahibləri daşınmaz əmlaka dair çıxarışları olmadığı üçün kompensasiya ala bilməyəcəklərindən narahat olurlar.
Yaşadığı evin rəsmi sənədi olmayan vətəndaş söküntü zamanı kompensasiya tələb edə bilərmi?
Əmlak eksperti Anar Nəsirov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda iki növ hüquq mövcuddur:
"Bunlardan biri xüsusi mülkiyyət hüququdur. Bu, çıxarışı olan və özəlləşdirilmiş evlərə aiddir. Digəri isə yaşamaq, yəni mənzil hüququdur. Mənzil hüququ vətəndaşın yaşamaq hüququdur. Bu halda çıxarış olmasa belə, vətəndaş həmin hüquqdan istifadə edə bilər.
Sənədsiz evlərin sökülməsinə gəlincə, bu məsələ əsasən vicdani prinsiplər əsasında həll edilir. Belə ki, əgər vətəndaşın evi qadağan olunmuş ərazidə, xüsusi mühafizə zolağında və ya təhlükə yarada biləcək yerdə tikilməyibsə, həmin şəxs uzun illərdir orada yaşayırsa və kommunal xidmətlərdən istifadə edirsə, ona qarşı vicdani yanaşma sərgilənir. Düzdür, vətəndaş xüsusi mülkiyyət hüququ olan şəxslər kimi kompensasiya əldə etməsə də, evə qoyduğu vəsaitin müəyyənləşdirilməsi yolu ilə ona ödəniş edilə bilər. Əgər evin sökülməsi məhkəmə qərarı ilə həyata keçirilirsə və ya tikili qadağan olunmuş ərazidə, təhlükə yarada biləcək yerdə, yaxud hər hansı idarə və müəssisənin balansında olan torpaq sahəsində yerləşmirsə, vətəndaş çəkdiyi xərclərin açıqlanması əsasında kompensasiya tələb edə bilər. Çünki vətəndaş həmin evə vəsait qoyub, sərmayə yatırıb. Hətta məsələ məhkəməyə qədər gedib çıxsa belə, məhkəmə vicdani prinsipləri nəzərə alaraq vətəndaşın çəkdiyi xərclərin ödənilməsi barədə qərar verə bilər.
Fikrimcə, sənədi olmasa belə, vətəndaşa bu məsələdə vicdani prinsiplərlə yanaşılır və qoyduğu vəsaitin geri qaytarılması məsələsi nəzərə alınır. Bu baxımdan, vətəndaşlar o qədər də narahat olmamalıdırlar. Əgər hər hansı tikinti şirkəti və ya iş adamı həmin ərazini alırsa, sənədsiz evdə yaşayan şəxs də uzun illərdir orada yaşadığını, su, qaz və işıq təminatının olduğunu, vergilərini vaxtında ödədiyini əsas gətirərək mənzil hüququndan istifadə edə və kompensasiya tələb edə bilər. Yəni onun da kompensasiya tələb etmək hüququ var".
Ekspert əlavə edib ki, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin və ya evin sahibinin hüquqları sənədi olmayan evdə yaşayan şəxsin hüquqları ilə müqayisədə daha möhkəmdir:
"Çünki həmin əmlak onun xüsusi mülkiyyətidir. Xüsusi mülkiyyət hüququ olan vətəndaş kompensasiyanın müəyyənləşdirilməsi zamanı öz mülkiyyət hüququna əsaslana və tələb etdiyi məbləğin ödənilməsində israr edə bilər. Bildiyiniz kimi, dünyanın bir çox ölkəsində əmlak toxunulmazlığı prinsipi mövcuddur. Azərbaycanda da bu prinsip, xüsusilə xüsusi mülkiyyətdə olan əmlakla bağlı qorunur. Sənədi olmayan evlərin hüquqi vəziyyəti isə xüsusi mülkiyyətlə müqayisədə o qədər də möhkəm deyil. Belə evlərin sahibləri xüsusi mülkiyyət hüququ olan şəxslərlə eyni əsaslarla və eyni məbləğdə kompensasiya tələb edə bilməzlər. Çünki həmin evlər onların xüsusi mülkiyyəti kimi rəsmiləşdirilməyib, sadəcə orada yaşamaq hüquqları mövcuddur. Bununla belə, bir çox hallarda həmin vətəndaşlara vicdani yanaşma sərgilənir. Onları tamamilə evsiz və kompensasiyasız vəziyyətdə qoymurlar. Hər halda, Azərbaycanda milli dəyərlər və vicdani prinsiplər nəzərə alınaraq vətəndaşların kompensasiya ilə təmin olunmasına çalışılır ki, insanlar evsiz və çıxılmaz vəziyyətdə qalmasınlar. Düzdür, ödənilən məbləğ xüsusi mülkiyyət hüququ olan şəxslərə verilən kompensasiya ilə eyni olmaya bilər, amma müəyyən ödəniş həyata keçirilir. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, iş adamlarının və tikinti şirkətlərinin yanaşması ilə dövlət layihələrinin həyata keçirilməsi zamanı sərgilənən yanaşma fərqlənir. Belə ki, tikinti şirkəti həmin ərazidə bina inşa edirsə, bunu gəlir əldə etmək məqsədilə həyata keçirir. Bu halda sənədsiz evdə yaşayan vətəndaş da yaşamaq və mənzil hüququndan istifadə edərək tikinti şirkətindən müəyyən məbləğdə kompensasiya tələb edə bilər. Burada da xüsusilə qeyd etmək istəyirəm ki, vicdani prinsiplər nəzərə alınmalıdır. Dövlət layihələrinin, parkların, dəmir yolu xətlərinin, metro stansiyalarının və digər dövlət əhəmiyyətli obyektlərin tikintisi zamanı isə yanaşma bir qədər fərqli olur. Bu proseslər müəyyən qaydalar çərçivəsində həyata keçirilir və vicdani prinsiplər əsas götürülərək vətəndaşlara kompensasiya ödənilməsi, daha sonra isə evlərin sökülməsi təmin edilir. Yəni xüsusi mülkiyyət hüququ daha üstün hüquqi təminata malik olsa da, sənədi olmayan evlərin hüquqi vəziyyəti fərqlidir. Vətəndaş çıxarışlı evlə sənədsiz evini eyni hüquqi əsaslarla müqayisə edə bilməz. Çünki sənədsiz ev xüsusi mülkiyyət hesab edilmir. Bu məsələdə vicdani prinsiplər mühüm rol oynayır və vətəndaşın kompensasiya alması da əsasən həmin yanaşma çərçivəsində qiymətləndirilir".
