Belçika sığınacaq axtaranlarla bağlı qaydaları sərtləşdirir


Belçika hökuməti Avropa İttifaqının başqa bir ölkəsində sığınacaq üçün müraciət etmiş şəxslərin dövlət hesabına yaşayış yerləri ilə təmin edilməsini məhdudlaşdırmağa hazırlaşır.
Xitab24.az Anadolu agentliyinə istinadən xəbər verir ki, federal hökumət bununla bağlı qanun layihəsini təsdiqləyib.
Yeni qaydalara əsasən, sığınacaq müraciətinə baxılması başqa bir Aİ ölkəsinin məsuliyyətində olan şəxslər Belçikadakı qəbul mərkəzlərində yerləşdirilmək hüququnu itirə bilərlər.
Sığınacaq və miqrasiya naziri Anneleen Van Bossuytun sözlərinə görə, ölkədə beynəlxalq müdafiə üçün edilən müraciətlərin təxminən 38 faizi Dublin qaydalarının tətbiq dairəsinə düşür.
Hökumət hesab edir ki, yeni tədbirlər eyni şəxslərin müxtəlif Avropa ölkələrində təkrar sığınacaq müraciəti etməsinin qarşısını almağa kömək edəcək.
Layihə qüvvəyə minməzdən əvvəl parlamentdə nəzərdən keçirilməlidir.