Bəhlul: 9 aydan sonra meydana qayıtmaq sevindiricidir


“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin “Kəpəz” ilə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının XII tur matçından sonra Sportify.az-a müsahibəsi:
– “Kəpəz” səfərinin çətin olacağını bilirdik. Topladıqları xallar və keçirdikləri oyunlarla yaxşı komanda olduqlarını göstəriblər. Bütün həftə ərzində bu qarşılaşmaya hazırlaşmışdıq. Təəssüflər olsun ki, istəyimizə nail ola bilmədik. Əlavə olaraq, meydança və azarkeş dəstəyi haqqında da danışmaq istərdim. Möhtəşəm azarkeş dəstəyi var idi. Bizim üçün bu meydançada oynamaq çox xoş idi. Oyuna gəlincə, təəssüflər olsun ki, qol vura bilmədik.
– Artıq beş oyundur qol vura bilmirsiniz. Bunun səbəbi nədir?
– Bəli, dörd oyundur qol vura bilmirik. Bunun səbəblərindən biri rəqib komandaların bizə qarşı hazırlığıdır. Topa sahib olduğumuz zaman demək olar ki, bütün komanda ilə müdafiə olunurlar və bizim üçün çox az boşluq yaradırlar. Bunu qeyd edə bilərəm. Bütün həftə ərzində qol epizodları üzərində də çalışmışdıq. Təəssüflər olsun ki, alınmadı.
– Xal itkiləri çempionluğu təhlükəyə atır…
– Bəli, bunun fərqindəyik. Komanda olaraq vəziyyəti anlayırıq və dediyim kimi, bu mənfi tendensiyanı aradan qaldırmaq üçün çox çalışırıq.
– Zədədən sonra ilk dəfə start heyətində meydana çıxdın. Özünü necə hiss edirsən?
– Əlbəttə, uzun müddətdən sonra meydana qayıtmaq xoşdur. Çox uzun proses oldu, təxminən 9 aydan artıq vaxt keçdi. Meydançalara qayıtdığım üçün çox şadam. Hələ qarşıda həm komanda olaraq, həm də şəxsən mənim üçün qət etməli olduğumuz uzun bir yol var.
– “Sumqayıt”la oyun bu uğursuz seriyaya son qoymaq üçün yaxşı fürsətdir?
– Dediyim kimi, artıq bütün komandalar yaxşı çıxış edir və yaxşı müdafiə oluna bilirlər. Oyunun necə keçəcəyini indidən deyə bilmərəm, amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– Sanki komandanı toparlayacaq bir liderin yoxluğu hiss olunur. Bu gün də boş qapıdan topu çıxardığın epizodda və oyunun müəyyən anlarında komandanı irəli aparmağa, liderlik etməyə çalışdığın görünürdü. Bu xüsusiyyətin növbəti oyunlarda komandaya müsbət təsir göstərə bilərmi?
– Ümid edirəm ki, göstərəcək. Amma bu, təkcə məndən asılı olan məsələ deyil. Komanda oynayır və 11 futbolçunun hamısı qol vurmaq, qələbə qazanmaq istəməlidir. İnanıram ki, komandadakı 11 nəfərin hər biri bunu istəyir. Sadəcə, hazırda mənfi seriyadayıq və ümid edirəm ki, ən qısa zamanda bu vəziyyətdən çıxacağıq.
– Komandadan ayrılan futbolçulardan daha çox kimin yoxluğunu hiss edirsən?
– Hamısının yoxluğu hiss olunur. Çünki uzun müddət birlikdə oynamışdıq və artıq hər kəs bir-birini çox yaxşı başa düşürdü. İndi yeni komandayıq və buna görə hələ də müəyyən çətinliklər yaşayırıq. Ümid edirəm ki, qısa zamanda bu problemləri də aradan qaldıracağıq.
– Baş məşqçi bu mövsüm çempionatın səviyyəsini və rəqibləri xüsusi vurğuladı. Sənin bu liqa, mövsüm və rəqiblər barədə düşüncələrin necədir?
– Çempionatı izlədikdə kifayət qədər sürpriz nəticələrin qeydə alındığını görürük. Bu da onu göstərir ki, artıq komandalar bir-birinə qarşı əvvəlki kimi asanlıqla qələbə qazana bilmirlər. Bütün komandaların gücləndiyini deyə bilərik. Çempionat daha maraqlı və çətin olub.
– Bir də qapı xəttindən topu çıxardığın epizod barədə soruşmaq istəyirəm. Bəhlul müəllim də deyir ki, Bəhlul bunu ən yaxşı bacaran futbolçulardandır…
– Bəli, bu cür epizodları uşaqlıqdan çox sevirəm. Məşqlərdə də davamlı olaraq belə vəziyyətlər yaranır və topları çıxarıram. Ona görə də deyə bilərəm ki, həmin epizodda o qədər də çətinlik çəkmədim.
– Bugünkü azarkeş atmosferini necə dəyərləndirirsən?
– Möhtəşəm idi. Çoxdandır çempionatda belə atmosferi xatırlamıram. Əlbəttə, Tofiq Bəhramov adına Respublika Stadionunda da oynamışıq. Orada da “Sabah” və “Neftçi” ilə oyunlarda kifayət qədər azarkeş olurdu. Amma stadionun ümumi tutumunu nəzərə alsaq, təxminən üçdə biri dolurdu. Burada isə tribunalar daha yaxın olduğu üçün tam dolu stadionda oynadıq. Atmosfer möhtəşəm idi. Ümid edirəm ki, bundan sonra da daha çox belə atmosferlərdə oynayacağıq.
Həşim MƏMMƏDOV
