BDU-nun 107 illik tarixində ilk qadın rektor


Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə Prezident İlham Əliyevin Sərəncam ilə Bakı Dövlət Universitetinə (BDU) rektor təyin olunub.
Metbuat.az xəbər verir ki, bu təyinatla Məleykə Abbaszadə BDU-nun 107 illik tarixində ilk qadın rektoru olub.
Fotoda: Məleykə Abbaszadə
Bakı Dövlət Universitetinə müxtəlif dövrlərdə tanınmış elm və ictimaiyyət xadimləri rəhbərlik ediblər.
Universitetin ilk rektoru 1919–1920-ci illərdə bu vəzifədə çalışan Vasili Razumovski olub.
BDU-nun tarixində ilk azərbaycanlı rektor isə 1926–1929-cu illərdə universitetə rəhbərlik etmiş Tağı Şahbazi Simurğ olub.
Müxtəlif illərdə universitetin rektoru vəzifəsini Sergey Davidenkov, Aleksandr Qulyayev, Vladimir Yelpatyevski, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Bala bəy Həsənbəyov, Əziz Əliyev, Cəbrayıl Ələsgərov, Şamil Əliyev, Abdulla Qarayev, Cəfər Hacıyev, Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev, Mehdi Əliyev, Faiq Bağırzadə, Yəhya Məmmədov, Cəmil Quliyev, Mirabbas Qasımov, Firudin Səməndərov, Murtuz Ələsgərov və Misir Mərdanov icra ediblər.
1999-cu ildə BDU-nun rektoru təyin edilən Abel Məhərrəmov 2018-ci ilədək bu vəzifədə çalışıb. O, universitetə ən uzun müddət rəhbərlik edən rektor olub.
Abel Məhərrəmovun vəzifədən azad edilməsindən sonra Firudin Qurbanov rektor vəzifəsini müvəqqəti icra edib. 2019-cu il martın 11-də Elçin Babayev BDU-nun rektoru təyin olunub.
2026-cı ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev vəzifəsindən azad edilib, Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub.