Batumi meri ABŞ səfirinin müvəqqəti işlər vəkili ilə görüşüb


Batumi meri Giorgi Tsintsadze ABŞ-nin Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Kortni Ostrianla görüşdə Batuminin inkişaf perspektivlərini və iki tərəf arasında əməkdaşlıq imkanlarını müzakirə edib.
Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Giorgi Tsintsadze ABŞ-nin Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Kortni Ostrianla görüş keçirib.
Giorgi Tsintsadze qonağa Qara dəniz regionunun mühüm şəhərlərindən biri olan Batuminin inkişaf istiqamətləri barədə məlumat verib.
Görüşdə turizmin, infrastrukturun və iqtisadiyyatın inkişafı, biznes mühiti, investisiyalar və əmək bazarı, eləcə də meriyanın gələcək planları müzakirə olunub.
Kortni Ostrian Batuminin və Acarıstan regionunun beynəlxalq nəqliyyat və iqtisadi dəhliz baxımından əhəmiyyətini qeyd edib.
Batumi meri Gürcüstan və ABŞ arasında əməkdaşlığın mühüm tarixə malik olduğunu bildirib. O, beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq Batuminin ABŞ tərəfi ilə sıx tərəfdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edib.
Xüsusi diqqət Batumi ilə ABŞ şəhərləri arasında qardaşlaşma imkanlarına ayrılıb. Bildirilib ki, bu, təcrübə mübadiləsinə, iqtisadi və mədəni əlaqələrin dərinləşdirilməsinə kömək edə bilər.
Görüşün sonunda tərəflər şəhərlərarası münasibətlərin inkişafı və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əlaqələri davam etdirməyə hazır olduqlarını bildiriblər.
Alpər Mövludoğlu Ordu.az