"Balaca bir xəbər yazırsan, zəng edib “o xəbəri silin” deyirlər" - Baş redaktor Basketbol Federasiyasındakı "gizli oyunlar"dan yazır


İxtiyar Əsgərov,
Matç.az-ın baş redaktoru
***
Azərbaycan Basketbol Federasiyasının (ABF) bəxti onda gətirib ki, idman mediası bu sahəyə o qədər də maraq göstərmir. AFFA-ya ünvanlanan tənqidlərin yüzdə biri ABF-yə yönəlsəydi, yəqin ki, çoxları başını götürüb qaçardı.
Balaca bir xəbər yazırsan, zəng edib “o xəbəri silin” deyirlər. Silmirsən, tanışlardan biri xahiş üçün evinə gəlmək istəyir.
Təhsil naziri Emin Əmrullayevin prezidenti olduğu basketbolda o qədər maraqlı hadisələr baş verir ki...
Məsələn, qadınlardan ibarət milli komandanın çıxışı sözün əsl mənasında... ürəkaçan deyil. İrlandiya, İsveçrə və İslandiya ilə oyunların nəticələrinə baxmaq kifayətdi. Kaş, sevimli nazirimiz də bu nəticələrlə maraqlanıb, uğursuzluğa görə hesabat tələb edərdi.
Bir də həmin nazirin xeyir-duası ilə ayaqda qalan “Gəncə” klubu var. Komanda FIBA Avropa Kubokunda keçirdiyi 6 oyunun yalnız birində qələbə qazanıb. Hətta hesabında 0:20 hesablı texniki məğlubiyyət də var.
Maraqlıdır ki, “Gəncə” son 5 ildə FIBA Avropa Kubokunda texniki məğlubiyyət alan cəmi üç komandadan biridir.
“Gəncə” klubu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Klubun direktoru Elnur Cəfərovdur. İddialara görə, onun Tehranağa Abdullayevlə münasibətləri kifayət qədər yaxşıdır. Tehranağa Abdullayevin Araz Paşayevlə, Araz Paşayevin isə nazirimizlə yaxın münasibətlərinin olduğu da iddia edilir. Hər halda, bunlar iddiadır. Ən doğrusunu yəqin ki, aidiyyəti qurumlar bilər.
Məsələnin başqa bir tərəfi də var. Qurumdan sorğu göndərirsən, bildirirlər ki, bir həftə ərzində cavab veriləcək. Bir həftə sonra cavab gəlir. Amma nə görsən yaxşıdır? Suallarına cavab vermək əvəzinə, səndən Media Reyestrinin şəhadətnaməsini tələb edirlər.
Məcbur olub onu da göndərirsən. Düşünürsən ki, yəqin növbəti bir həftə ərzində suallarına cavab veriləcək. Amma hiss etdiyim qədər, sadəcə, başlarından edirlər. Kaş yanılım )
Artıq iki həftədir gözləyirik...
Məgər sorğuya cavab verməməklə məsələ həll olunur?
Suallara cavab verməmək qurumun məsuliyyətindən yayınması üçün çıxış yoludurmu?
