Bakı Fond Birjasının Listinq Komitəsinin sədri cərimələnib


“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin sədri qiymətli kağızlarla bağlı qaydaların pozulmasına görə 700 manat məbləğində cərimə edilib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarət tədbirlərinə dair məlumatında bildirilir.
Mərkəzi Bankın BFB-də apardığı yoxlamalar zamanı qiymətli kağızların birjada ticarətə qəbul edilməsi, listinqə alınması, listinqdə saxlanılması və listinqdən çıxarılması ilə bağlı qaydaların pozulduğu müəyyən edilib.
Bununla əlaqədar birjanın Listinq Komitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat cərimə tətbiq olunub. Həmin maddə fond birjasının fəaliyyət qaydalarının pozulmasına görə vəzifəli şəxslərin 700 manatdan 800 manatadək cərimələnməsini nəzərdə tutur.
Bakı Fond Birjası Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjasıdır. Qurum 21 iyul 2000-ci ildə verilmiş lisenziya əsasında fəaliyyət göstərir.
Birjada dövlət istiqrazları, şirkətlərin istiqrazları, səhmlər və digər maliyyə alətləri üzrə ticarət təşkil olunur. Burada həm dövlətin, həm də özəl şirkətlərin qiymətli kağızlarının yerləşdirilməsi və alqı-satqısı həyata keçirilir.