ŞƏRH: Azərbaycan–Vyetnam iqtisadi əməkdaşlığı və yeni investisiya imkanları


Ana SəhifəBİZNESŞƏRH: Azərbaycan–Vyetnam iqtisadi əməkdaşlığı və yeni investisiya imkanları
BİZNES20.11.2026 12:30
Fins.az - Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlıq iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Ticarət, energetika, investisiya və nəqliyyat-logistika sahələri iki ölkə arasında əlaqələrin əsas istiqamətləri kimi önə çıxır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dolları təşkil edib. Onun sözlərinə görə, Vyetnamın sənaye və beynəlxalq ticarət potensialı Azərbaycanın enerji resursları, nəqliyyat infrastrukturu və coğrafi mövqeyi ilə tamamlanır.
İqtisadi əlaqələrin daha da inkişafı üçün ticarətin şaxələndirilməsi, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi, sənaye, kənd təsərrüfatı, emal və xidmət sahələrində tərəfdaşlıqların qurulması vacib hesab olunur.
Energetika da əməkdaşlığın əsas istiqamətlərindəndir. SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu, eləcə də Vyetnamın ROX Group şirkətinin Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə marağı bu sahədə imkanları genişləndirir.
İlkin Qasımov 2026-cı ildə Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin də yeni əməkdaşlıq perspektivləri yaratdığını qeyd edib. Bu təşəbbüslər Azərbaycanın yaşıl enerji sektorunun inkişafı və xarici investisiyaların cəlbi baxımından əhəmiyyət daşıyır.
Nəqliyyat-logistika sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin ilk doqquz ayında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Azərbaycanın Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizlərində iştirakı Vyetnam yüklərinin Avropa və digər bazarlara daşınması üçün alternativ imkanlar yaradır.
Humanitar, təhsil və mədəni əlaqələr də tərəfdaşlığın mühüm hissəsidir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr, Azərbaycanın humanitar təşəbbüsləri və iki ölkə arasında formalaşmış təhsil əlaqələri qarşılıqlı münasibətlərin möhkəmlənməsinə töhfə verir.
İlkin Qasımovun fikrincə, qarşıdakı dövrdə əsas məqsəd mövcud potensialdan daha səmərəli istifadə etmək, iqtisadi əlaqələri şaxələndirmək və qarşılıqlı fayda yaradan birgə layihələri genişləndirməkdir. Bu, Azərbaycan–Vyetnam strateji tərəfdaşlığının praktiki əhəmiyyətini artıra bilər.
MüəllifHəmayil
Yüklənir...
1 mənbə
