Azərbaycanda qayınata qızını narahat edən kürəkənini taxta ilə döydü — Təfərrüat


Hacıqabul rayonunda 61 yaşlı kişi kürəkəninə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Zeynal kürəkəni Nadir (adlar şərtidir – red.) ilə ailədaxili münaqişə zəminində mübahisə edib. O, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı kürəkənini taxta parçası ilə vuraraq ona xəsarətlər yetirib.
Zeynal barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Zeynal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nərminə onun qızı, Nadir isə kürəkənidir:
"Onlar 2020-ci ildə ailə həyatı qurublar və birgə nikahlarından iki azyaşlı övladları olub. Nadir və Nərminə mənimlə qonşuluqda yaşayırlar. Məlum hadisə günü, saat 23 radələrində yaşadığım evdə yatarkən qızım azyaşlı övladları ilə birlikdə bizə gəldi. Mən qızımdan nə üçün gəldiyini soruşdum. O, həyat yoldaşının sərxoş vəziyyətdə evə gələrək onu döydüyünü bildirdi".
Təqsirləndirilən şəxs deyib ki, bundan təxminən 30 dəqiqə sonra Nadir Nərminəni və övladlarını aparmaq məqsədilə onun yaşadığı evə gəlib:
"Evin giriş qapısının yanında Nadir mənimlə söhbət edərək mübahisə etdi. Sərxoş vəziyyətdə ünvanıma xoşagəlməz ifadələr işlətdi. Nadirin hərəkətlərindən əsəbiləşərək qapının yanına qoyduğum ağac parçasını götürdüm və Nadirin baş nahiyəsindən iki dəfə vurdum. Bundan sonra Nadir öz evinə getdi".
İş üzrə zərərçəkmiş Nadirin sözlərinə görə, məlum hadisə günü saat 23 radələrində yaşadığı evə bir qədər spirtli içki qəbul edərək sərxoş vəziyyətdə gəlib və bu səbəbdən arvadı Nərminə ilə aralarında mübahisə yaranıb:
"Mübahisə zamanı Nərminənin baş nahiyəsindən bir dəfə yumruqla vurdum. Sonra sakitləşərək yaşadığım evdə yatdım. Yuxudan oyandıqdan sonra Nərminənin və azyaşlı övladlarımın evdə olmadığını gördüm və onları axtardım. Nərminənin qonşuluqda yaşayan atası Zeynalın evinə getdiyini fikirləşərək onların yanına getdim.
Qayınatamla evin giriş qapısının yaxınlığında Nərminəni və övladlarımı evə aparmaq üstündə aramızda sözlü mübahisə baş verdi. Mübahisə zamanı Zeynal qapının sol küncünə qoyduğu taxta parçasını götürdü və baş nahiyəmdən iki dəfə vurdu. Mən başımın təpə nahiyəsindən xəsarət aldım.
Həmin yerdən qaçaraq yaşadığım evə getdim və döyülməyim barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim".
Zərərçəkmiş şəxs ifadəsinin sonunda qayınatası ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və heç bir şikayətinin olmadığını bildirib.
Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və Zeynal cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilib.
Fariz Məlikli
1 mənbə
