Azərbaycan itkinlər məsələsində Ermənistandan konkret məlumat gözləyir - Təhlil


Noyabrın 19–20-də İrəvanda "İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir. Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkənin əməkdaşlığını itkinlərin taleyinin aydınlaşdırılması üçün ən səmərəli yol adlandırıb.
Amma əsas məsələ bu konfransın azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirib-gətirməyəcəyidir. Belə ki, Ermənistan 30 ildən çoxdur 4 minə yaxın azərbaycanlının aqibəti barədə məlumatları gizlədir. Elə buna görə də, İrəvanın guya itkin düşənlərin aqibətindən narahatlığı heç də inandırıcı görünmür.
Sülh gündəliyinin tərkib hissəsi
Sülh yalnız dövlətlərarası normallaşma deyil, həm də müharibənin humanitar nəticələrinin aradan qaldırılmasıdır və bu işdə məsuliyyət Ermənistanın üzərinə düşür.
2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə İlham Əliyevlə Nikol Paşinyan Birgə Bəyannamə imzalayıb, sülh sazişinin mətni isə paraflanıb. Saziş layihəsinin 9-cu maddəsi itkin şəxslər və məcburi yoxa çıxma halları üzrə əməkdaşlığı nəzərdə tutur. Bura məlumat mübadiləsi, itkinlərin taleyinin müəyyənləşdirilməsi, qalıqların axtarılıb qaytarılması və istintaq tədbirləri daxildir. Azərbaycan tərəfi belə əməkdaşlığın qarşılıqlı etimadı möhkəmləndirə biləcəyini bildirir. Paşinyan isə konfransda məlumat paylaşımı ilə bağlı etimadsızlığın qaldığını etiraf edib.
Komissiyaların təmasları və vəd edilən məlumat
Azərbaycan ilə Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları arasında 2025-ci ilin fevralından birbaşa təmaslar və məlumat mübadiləsi aparılır. Azərbaycan tərəfi müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılan vətəndaşların siyahısını Ermənistana təqdim edib.
Ermənistan tərəfi bu təmaslar zamanı 200-dən çox dəfn yerinin, o cümlədən kütləvi məzarlıqların yeri və koordinatları barədə məlumatı verəcəyinə söz versə də, hələ də heç bir real addım atmayıb. Prezidentin köməkçisi Hikmət Hacıyev də noyabrın 19-da Bakının məhz bu məlumatı gözlədiyini bildirib. "Hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ərazilərimizin azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkar edilib. Qalıqların çıxarılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bununla belə, biz hələ də Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik. Bu, sırf humanitar məsələdir. Sözügedən məlumatların paylaşılması etimadın qurulması istiqamətində mühüm addım, keçid ədalətinin elementi və regionumuzda davamlı sülhə real töhfə olardı. Ailələr öz doğmalarının taleyini bilməyə layiqdirlər", - H.Hacıyev "X" sosial şəbəkəsində yazıb.
Ermənistanın 200-dən çox məzarlığın koordinatların verilməsi ilə bağlı vədi göstərir ki, bu məlumat rəsmi İrəvanda var. Amma məlumatların hələ də Azərbaycana təqdim edilməməsi Ermənistanın səmimiyyətini sual altına alır.
Ermənistanın bir sıra keçmiş yüksəkvəzifəli hərbçiləri, o cümlədən Qaqik Melkonyan, Samvel Babayan dəfələrlə bu kütləvi məzarlıqlar barədə məlumatlı olduqlarını etiraf etsələr də, rəsmi İrəvan heç cür bu məlumatları əldə edib Azərbaycana təqdim etmək istəmir. Görünür, Ermənistan rəhbərliyi azərbaycanlı mülki əhaliyə və hərbçilərə qarşı törədilmiş müharibə cinayətlərinin üzə çıxmasından qorxur, cünki belə faktlar beynəlxalq səviyyədə ciddi problemlər yarada bilər.
Artıq işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb. Ekspertizalar ölüm şəraitini, işgəncə və digər cinayətləri üzə çıxarır və bu məzarlıqların aşkarlanmasının miqyası böyüdükcə Ermənistanın məsuliyyəti də dəfələrlə artır. Buna görə, rəsmi Bakı İrəvanın müvafiq məlumatları təqdim etməsini həm humanitar, həm də hüquqi zərurət sayır.
Qızıl Xaç və 54 əsirin taleyi
Azərbaycan tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) qeydiyyatında olmuş 54 azərbaycanlı əsirin taleyinin hələ də tam aydın olmadığını bildirir. Bunlardan 17 nəfərin nəşi qaytarılıb. Saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin nəşi isə qaytarılmayıb. Bakı Ermənistandan bu barədə məlumat verməsini tələb edir.
BQXK-nın uzunillik fəaliyyətinin nəticələri Azərbaycanda narazılıq doğurur. Prezident İlham Əliyev 7 oktyabrda "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına müraciətində təşkilatın fəaliyyətinin nəticə vermədiyini bildirib. Azərbaycan minlərlə ailənin cavab gözləməsini beynəlxalq humanitar mexanizmlərin effektivliyinə sual işarəsi kimi qiymətləndirir.
Həmin müraciətdə dövlət başçısı Ermənistanı itkinlər, arxiv sənədləri və dəfn yerləri barədə məlumat verməyə çağırıb. O, BMT çərçivəsində itkinlər üzrə xüsusi mexanizmin yaradılmasını da təklif edib.
4 010 ailə üçün qeyri-müəyyənlik
Müharibə başa çatsa da, 4 010 itkinin taleyi hələ də naməlumdur. Azərbaycan tərəfi bunu keçmişin deyil, bu günün də ciddi humanitar problemi sayır.
Məsələ beynəlxalq səviyyədə də gündəmə gətirilir. "Qarabağ İtkin Ailələri" İctimai Birliyi 2025-ci ildə Cenevrədə BMT-nin Avropa qərargahı qarşısındakı "Sınıq stul" abidəsi yanında aksiya keçirib. 2026-cı ilin oktyabrında isə Brüsseldə Avropa Parlamenti və Aİ təsisatları qarşısında silsilə aksiyalar təşkil edib. Bu aksiyaların əsas tələbi Ermənistanın azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməsidir.
Minalar axtarışı çətinləşdirir
Bakı itkinlərin axtarışı ilə mina problemini birbaşa bağlı sayır. Bəzi kütləvi məzarlıqların ətrafında minaların aşkarlanması axtarışları çətinləşdirir. Buna görə Azərbaycan Ermənistandan həm dəfn yerləri barədə məlumatları, həm də dəqiq mina xəritələrini tələb edir.
Ermənistan bəzi mina xəritələrini məcburiyyət qarşısında təqdim etsə də, onların dəqiqliyi çox aşağıdır, bəzi kritik ərazilər üzrə isə xəritələr ümumiyyətlə verilməyib. Bundan başqa 44-günlük Vətən müharibəsindən sonra Ermənistanın yaratdığı "yeni təmas xətti" üzrə mina xəritələri təqdim olunmayıb. Bunun acı nəticələri 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra məlum olub - azad edilmiş ərazilərdə 500 mindən çox mina aşkar edilib.
Faktiki olaraq, 44 günlük müharibədən sonrakı üç ildə I Qarabağ müharibəsindən sonrakı dövrlə müqayisədə daha çox partlayıcı qurğu quraşdırılıb.
Bu günədək Qarabağda və Şərqi Zəngəzurda minaaxtaranlar minalar və partlayıcı tələ qurğuları aşkar edirlər. Bunlar təkcə keçmiş hərbi mövqelərdə deyil, yaşayış massivlərinin yaxınlığında, yollar boyunca, meşələrdə, çay sahillərində, əkin sahələrində və kənd qəbiristanlıqlarında basdırılıb. Bu isə təkcə hərbçilər üçün deyil, doğma torpaqlara qayıdan dinc sakinlər üçün də ciddi təhlükədir.
2026-cı ilin oktyabrında Azərbaycanın "Gilavar" Foto Klubu İctimai Birliyi Avropanın 8 şəhərində (Cenevrə, Brno, Lyublyana, Sarayevo, Zaqreb, Salzburq, Roma və Milan) fotoekspozisiyalar təşkil edib. Təşkilat bu tədbirlərdə Ermənistandan dəqiq mina xəritələri və itkinlərlə bağlı məlumatlar tələb edib.
Nə gözlənilir
Bakı üçün İrəvan konfransının nəticəsini bəyanatlar yox, konkret addımlar müəyyənləşdirəcək. Bu addımlar dəfn yerlərinin koordinatlarının, arxiv sənədlərinin və dəqiq mina xəritələrinin təqdim edilməsidir. Azərbaycan tərəfi bunları gözləyir.
1 mənbə
