Azər Məmmədov: Komandamız ən yaxşı oyunlarından birini keçirdi


“Kəpəz”in baş məşqçisi Azər Məmmədov evdə “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 50 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Oyun haqqında onu deyə bilərəm ki, bu gün Azərbaycan futbolunun tanınmasına həm məşqçi, həm də komanda olaraq böyük töhfə vermiş kollektivə qarşı oynadığımızı bilirdik. “Qarabağ” həmişə olduğu kimi, bu gün də yaxşı komandadır. Bizim üçün çox çətin və ağır oyun oldu. Hər şeyə rəğmən, düşünürəm ki, komandamız bu gün ən yaxşı oyunlarından birini keçirdi. Etiraf edim ki, birinci hissədə yaratdığımız qol epizodlarından yararlana bilsəydik, hesabda önə də çıxa bilərdik və qələbə qazana bilərdik. “Qarabağ”ın da imkanları oldu. Məncə, bu oyunun ədalətli nəticəsi heç-heçə idi. Qarşılaşma da belə başa çatdı. Gəncə şəhər stadionunu dolduran azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu gün bizə dəstək oldular və həmişəki kimi onların dəstəyini hiss etdik. Həm azarkeşlərimizə, həm də futbolçularıma bu gözəl atmosferə görə çox təşəkkür edirəm.
– Bu mövsüm ilk dəfə beşli müdafiə ilə oynadınız. Bu qərar əvvəlcədən planlaşdırılmışdı? “Qarabağ” kimi güclü rəqiblərə qarşı bundan sonra da bu taktiki sxemdən istifadə etməyi düşünürsünüz?
– “Qarabağ”ı təhlil edəndə əsas güclərini cinahlarda görürdük. Həddindən artıq güclü, kreativ və yaradıcı futbolçuları var. Açığı, onların həm “Qəbələ”, həm də “Turan Tovuz”la oyunlarını təhlil etmişdik. Gördük ki, dördlü müdafiə ilə oynayan zaman rəqiblərin cinahlarında müəyyən boşluqlar yaranır və “Qarabağ” bundan rahat istifadə edir. Beşli müdafiəyə qarşı isə bunu etmək bir qədər çətinləşir. Buna görə də milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən etibarən beşli müdafiə üzərində çalışmağa başladıq. Bu gün 5-3-2 sistemi ilə oynadıq. Düşünürəm ki, komanda iki səfər oyunundan sonra bu sistemdə də çox yaxşı çıxış etdi.
– Birinci hissədə komandanız çox yaxşı oynadı və hesabda önə çıxa bilərdi. Ancaq ikinci hissədə həmin təzyiqi görmədik. Bu, futbolçuların fiziki yorğunluğu ilə bağlı idi, yoxsa daha kompakt müdafiə olunmaq və əks-hücumlara fokuslanmaq göstərişi vermişdiniz?
– Məni sevindirən məqamlardan biri komandamızın bu gün qol buraxmamasıdır. Ümumiyyətlə, son oyunlarda az qol buraxırıq. Bunun səbəblərindən biri də sizin qeyd etdiyiniz kimi, kompakt oynamağa çalışmamız və əks-hücumlarda rəqibi cəzalandırmaq istəyimizdir. Birinci hissədə komandamızın yaxşı imkanları oldu. Bununla razıyam. İkinci hissənin əvvəlində də Viktorun qolla nəticələnə biləcək epizodu var idi. Hər oyunda rotasiyalar etməyə çalışırıq. Ancaq etiraf edim ki, geniş ehtiyat qüvvəmiz yoxdur. Heyətimizə baxsanız, təxminən 7-8 futbolçumuz demək olar ki, hər oyunda meydanda olur. Buna görə də yorğunluq qaçılmazdır. Bununla belə, futbolçuların tez bərpa olunması üçün çalışırıq. İndi də əlimizdən gələni edəcəyik ki, qarşıdakı sıx qrafikdə komandamız oyunlara hazır olsun.
– Komanda təxminən iki ay Gəncədən kənarda olacaq. Qarşıdakı uzun səfər qrafiki futbolçulara necə təsir edəcək? Xüsusilə də dekabrın 22-dək təxirə salınmış oyun və kubok matçları ilə birlikdə sizi ağır təqvim gözləyir.
– Əlbəttə, bu barədə düşünürük. Dekabrın 22-dək təxirə salınmış oyun və kubok matçı da daxil olmaqla, altı qarşılaşmamız var. Üstəlik, ayın 28-də “Turan Tovuz”la oyunumuz olacaq. Bizi ağır oyunlar gözləyir. Təkcə “Qarabağ”la deyil, “Turan Tovuz”, “Şamaxı”, “Qəbələ” və “Sumqayıt”la qarşılaşmalarımız da çətin olacaq. “Qarabağ”la səfərdə yenidən oynayacağıq. Bu, bizim üçün ağır period olacaq. Amma nə olursa-olsun, həmin rəqiblərlə qarşılaşmalıyıq. Sıx qrafikə uyğun hazırlaşmağa çalışacağıq. Bu müddətdə futbolçular üçün ən vacib məsələlərdən biri bərpa prosesidir. Bərpa və vitaminləşmə proseslərindən maksimum yararlanmağa çalışacağıq ki, oyunçularımız qarşılaşmalara hazır olsunlar.
– “Kəpəz”in turnir cədvəlində autsayderlər zonasında olması və klub rəhbərliyinin daha böyük hədəflər barədə düşünməsi sizi narahat etmir?
– Açığını desəm, narahatam. “Azərsun” rəhbərliyinin hər zaman “Kəpəz” üçün ən yaxşısını, ən böyüyünü istədiyini bilirəm. Ancaq müəyyən reallıqlar var. Müasir futbolda maliyyə böyük rol oynayır. Komandamızın büdcəsi budur və biz də həmin imkanlara uyğun olaraq maksimum yaxşı nəticə göstərməyə çalışırıq. Məni narahat edən odur ki, sizin qeyd etdiyiniz fikirlər klubun daxilinə də sirayət edə bilər. Bu baş versə, bir qədər eyforiyaya qapıla bilərik. Biz çempionata hansı məqsədlə başlamışıqsa, həmin hədəfə çatmağa çalışmalıyıq. Mənim də düşüncəm budur və komandaya da bunu aşılamağa çalışırıq. Əlbəttə, qarşıya qoyulan ilkin məqsədə çatdıqdan sonra kim istəməz ki, daha irəli getsin? Əgər bu il “Kəpəz” dediyiniz kimi avrokuboklara vəsiqə qazansa, düşünürəm ki, bu, böyük sensasiya olar və ən sevindirici hadisələrdən biri kimi yadda qalar. Bu gün ən azı insanların “Kəpəz”lə qarşılaşanda onunla hesablaşması, bu komandaya qarşı oynamağın asan olmadığını düşünməsi bizim üçün vacibdir. Artıq “Kəpəz”ə qarşı oynayan komandalar qələbəni əvvəlcədən təmin olunmuş nəticə kimi görmürlər. Bu amil həm komandamız, həm də şəhərimiz üçün əhəmiyyətlidir. Futbolçularımızda inam və güvən yaradır.
Bahar RÜSTƏM
