“Ayrı-ayrı şəxslərin əməlləri bütövlükdə vəkillik institutuna şamil edilməməlidir”


Vəkillik institutu hüquqi dövlətin əsas dayaqlarından biri olmaqla, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində mühüm rol oynayır. Bu peşənin nüfuzu isə yalnız vəkillərin peşəkarlığı və hüquqi bilikləri ilə deyil, eyni zamanda onların fəaliyyətinə ictimai münasibət, peşə etikası və hüquqi təminatlarla da sıx bağlıdır. Son günlər bəzi vəkillərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı məlumatların mediada geniş yayılması vəkillik institutunun nüfuzu, bu cür xəbərlərin təqdim olunmasında hüquqi və etik prinsiplərin qorunması, eləcə də təqsirsizlik prezumpsiyasına riayət edilməsi məsələlərini yenidən gündəmə gətirib.
Bəs ayrı-ayrı vəkillərin saxlanılması ilə bağlı məlumatlar ictimaiyyətə hansı çərçivədə təqdim olunmalıdır və bu zaman şəxsin peşəkar nüfuzunun qorunması ilə ictimaiyyətin məlumat almaq hüququ arasında tarazlıq necə təmin edilməlidir?
E-huquq.az xəbər verir ki, mövzu ilə bağlı bir sıra vəkillər öz fikirlərini bölüşüb.
Vəkil Şaiq Mirzəyev hesab edir ki, ayrı-ayrı vəkillərlə bağlı baş verən hadisələrə görə bütövlükdə vəkillik institutunun nüfuzunun zədələnməsi düzgün yanaşma deyil. Onun fikrincə, hər bir hadisəyə fərdi qaydada, konkret faktlar və qanunvericiliyin tələbləri əsasında hüquqi qiymət verilməli, ayrı-ayrı şəxslərin mümkün qanun pozuntuları bütöv bir peşə institutunun fəaliyyəti ilə eyniləşdirilməməlidir.
O vurğulayıb ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan hər hansı şəxsin təqsirli kimi təqdim edilməsi yolverilməzdir: “Xüsusilə media orqanları bu cür məlumatları işıqlandırarkən qanunvericiliyin tələblərinə və jurnalistikanın etik prinsiplərinə əməl etməli, sensasiya naminə şəxsin hüquq və nüfuzuna xələl gətirə biləcək ifadələrdən çəkinməlidirlər. Məlumatların təqdimatında şübhə və ittihamlarla təsdiqlənmiş faktlar arasında fərq qoyulması olduqca vacibdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan hər hansı şəxsin ictimaiyyətə cinayət törətmiş şəxs təsiri bağışlayan şəkildə təqdim edilməsi yolverilməzdir. Belə yanaşma həmin şəxsin nüfuzuna və peşəkar fəaliyyətinə zərər vurmaqla yanaşı, cəmiyyətdə hüquqi baxımdan yanlış qənaətlərin formalaşmasına da zəmin yarada bilər. Bu məsələ vəkillik peşəsi kontekstində daha ciddi əhəmiyyət daşıyır. Çünki vəkillik institutu yalnız hüquqi xidmət göstərən peşə sahəsi deyil, eyni zamanda qanunun aliliyinin, ədalətli məhkəmə araşdırmasının və fundamental insan hüquqlarının təminatında mühüm rol oynayan institutdur.
“Bu cür məlumatların qeyri-dəqiq və birtərəfli təqdimatı yalnız konkret şəxsin peşəkar nüfuzuna deyil, cəmiyyətin vəkillik institutuna olan etimadına da mənfi təsir göstərə bilər. Buna görə də ictimaiyyətin məlumat almaq hüququ təmin olunmaqla yanaşı, şəxsin şərəf və ləyaqətinin, hüquqlarının və təqsirsizlik prezumpsiyasının qorunması da diqqətdə saxlanılmalıdır”, – Ş.Mirzəyev əlavə edib.
Vəkil Elvin Əliyev bildirib ki, vəkillik institutu hüquqi dövlətin, qanunun aliliyinin və ədalət mühakiməsinin təmin edilməsində mühüm rol oynayan fundamental hüquqi təsisatdır. Bu institutun nüfuzunun qorunması yalnız vəkillərin peşə maraqları ilə məhdudlaşmır, bütövlükdə hüquq sisteminə, məhkəmə hakimiyyətinə və ədalət mühakiməsinə ictimai etimadın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır: “Təbii ki, vəkillər də cəmiyyətin digər üzvləri kimi qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə əməl etməli, yol verilmiş hüquq pozuntularına görə qanun qarşısında məsuliyyət daşımalıdırlar. Vəkillik statusu heç kimə qanundan üstün olmaq imtiyazı vermir. Bununla yanaşı, hər hansı vəkil barəsində araşdırmanın aparılması, onun saxlanılması və ya cinayət təqibinə cəlb edilməsi həmin şəxsin təqsirli olması barədə əvvəlcədən nəticə çıxarmağa əsas vermir. Bu məsələdə əsas hüquqi təminat Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasıdır. Eyni prinsip İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində də öz əksini tapır. Həmin müddəaya görə, cinayət törətməkdə ittiham olunan hər kəsin təqsiri qanun əsasında sübuta yetirilməyənədək təqsirsiz hesab olunmaq hüququ vardır. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ da bu prinsipin yalnız məhkəmə icraatı çərçivəsində deyil, ictimaiyyətə təqdim olunan məlumatlarda da qorunmasının vacibliyini təsdiq edir. Belə ki, ictimaiyyətin məlumat almaq hüququ ilə şəxsin təqsirsiz hesab olunmaq hüququ arasında düzgün hüquqi balans qorunmalıdır”.
E. Əliyev hesab edir ki, xüsusilə vəkillər kimi hüquq sistemində mühüm peşə funksiyası daşıyan şəxslərlə bağlı məlumatların yayılması zamanı daha yüksək hüquqi və etik məsuliyyət nümayiş etdirilməlidir: “Şəxsin saxlanılması faktının onun təqsirli olması kimi təqdim edilməsi, araşdırmanın nəticəsi barədə əvvəlcədən təsəvvür formalaşdırılması və ictimai rəy vasitəsilə şəxsin mühakimə olunması yolverilməz yanaşmadır. Çünki cinayət təqibinin başlanması, şübhənin mövcudluğu və şəxsin təqsirinin məhkəmə tərəfindən sübuta yetirilməsi hüquqi baxımdan fərqli anlayışlardır. Digər tərəfdən, ayrı-ayrı şəxslərin mümkün hüquqazidd əməlləri bütövlükdə vəkillik institutuna şamil edilməməli, fərdi məsuliyyət prinsipi qorunmalıdır. Eyni zamanda, vəkillik institutunun nüfuzunun müdafiəsi hər hansı qanun pozuntusuna göz yumulması kimi başa düşülməməlidir. Əksinə, qanun pozuntularına hüquqi qiymət verilməsi də, vəkilin hüquqlarının müdafiəsi də eyni hüquqi prinsiplər əsasında həyata keçirilməlidir.Nəticə etibarilə, hüquqi dövlətin əsas göstəricilərindən biri yalnız qanun pozuntularına münasibət bildirmək deyil, həmin münasibətin özünün də qanunun tələblərinə uyğun formalaşdırılmasıdır. Vəkillik institutunun nüfuzunun qorunması, şəxslərin şərəf və ləyaqətinə hörmət edilməsi, təqsirsizlik prezumpsiyasına əməl olunması və yekun hüquqi qiymətin yalnız səlahiyyətli məhkəmə tərəfindən verilməsi bir-birini tamamlayan prinsiplərdir. İctimai müzakirələrdə də bu hüquqi sərhədlərin qorunması həm peşə nüfuzunun, həm də ədalət mühakiməsinə ictimai etimadın təmin olunması baxımından vacibdir”.
Vəkil Vəfadar Piriyev də bildirib ki, ayrı-ayrı vəkillərə qarşı irəli sürülən ittihamlar bütövlükdə vəkillik institutunun ünvanına yönəlmiş ittihama çevrilməməlidir: “Hər bir peşə sahəsində olduğu kimi, vəkillik fəaliyyətində də ayrı-ayrı şəxslər tərəfindən qanunvericiliyin və peşə etikası qaydalarının pozulması halları istisna edilmir. Vəkil statusunun mövcudluğu heç bir şəxsə qanun qarşısında imtiyaz vermir və onu hüquqi məsuliyyətdən azad etmir. Lakin hüquqi məsuliyyətin fərdiliyi prinsipi tələb edir ki, hər bir şəxsin əməlinə fərdi qaydada, obyektiv və qanunvericiliyin tələbləri əsasında hüquqi qiymət verilsin. Bununla belə, hüquqi məsuliyyətin fərdiliyi prinsipi tələb edir ki, hər bir şəxsin əməlinə fərdi qaydada, obyektiv və qanunvericiliyin tələbləri əsasında hüquqi qiymət verilsin. Bir şəxsin əməli onun mənsub olduğu peşə qrupunun, təşkilatın və ya təsisatın ümumi fəaliyyətinə avtomatik şəkildə şamil edilə bilməz. Bir vəkil barəsində irəli sürülmüş ittihamın bütövlükdə vəkillik peşəsinin xarakterik xüsusiyyəti kimi təqdim edilməsi, ayrı-ayrı şəxslərin ehtimal olunan hüquqazidd əməllərinin minlərlə vəkilin peşə fəaliyyətinə şamil olunması hüquqi və məntiqi baxımdan əsassızdır. Hətta konkret vəkilin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edildiyi halda belə, həmin şəxsin əməlinə görə bütövlükdə vəkillik institutunun nüfuzunun mübahisələndirilməsi qəbuledilməzdir”.
Onun sözlərinə görə, bu baxımdan, vəkillərlə bağlı məlumatların sensasiya xarakterli başlıqlarla, kriminal məzmunlu təqdimatlarla və ümumiləşdirici ifadələrlə yayılması xüsusilə narahatlıq doğurur: “Belə yanaşma cəmiyyətdə vəkillik institutuna münasibətdə yanlış təsəvvürlərin formalaşmasına, vətəndaşların peşəkar hüquqi yardıma olan etimadının zəifləməsinə və uzun illər ərzində formalaşdırılmış institusional nüfuzun zədələnməsinə gətirib çıxara bilər. Hətta konkret vəkilin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edildiyi halda belə, həmin şəxsin əməlinə görə bütövlükdə vəkillik institutunun mənfi səciyyələndirilməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasında fəaliyyət göstərən minlərlə vəkil gündəlik olaraq vətəndaşların pozulmuş hüquqlarının bərpası, qanunsuz qərarların mübahisələndirilməsi, ədalətli məhkəmə araşdırmasının təmin edilməsi və insanların hüquqi müdafiəsi istiqamətində fəaliyyət göstərirlər. Bu fəaliyyət böyük peşəkar məsuliyyət, hüquqi bilik, mənəvi dayanıqlılıq və prinsipiallıq tələb edir. Ayrı-ayrı vəkillərlə bağlı irəli sürülmüş, hətta hələ məhkəmə qaydasında təsdiqini tapmamış ittihamlar fonunda bütövlükdə vəkillik institutunun ictimai nüfuzuna kölgə salınması öz peşə borcunu vicdanla və qanunvericiliyin tələblərinə uyğun yerinə yetirən minlərlə vəkilin əməyinə münasibətdə də ədalətsiz yanaşmadır”.
Vəkil deyib ki, Vəkillər Kollegiyasının adı ayrı-ayrı üzvlərinə qarşı irəli sürülən ittihamların yaratdığı mənfi ictimai təsəvvürlə eyniləşdirilməməlidir: “Kollegiyanın institusional fəaliyyəti ayrı-ayrı üzvlərin ehtimal olunan əməlləri ilə deyil, onun qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin icrası, peşə standartlarının təmin edilməsi, vəkilliyin inkişafı və insan hüquqlarının müdafiəsinə verdiyi töhfə əsasında qiymətləndirilməlidir. Əlbəttə, vəkillik institutunun fəaliyyətinin obyektiv tənqid edilməsi, mövcud problemlərin ictimai müzakirəyə çıxarılması və institusional məsuliyyət məsələlərinin araşdırılması demokratik cəmiyyət üçün təbii və zəruridir. Lakin əsaslandırılmış tənqidlə sübuta yetirilməmiş ittihamlar əsasında ümumiləşdirici mənfi təsəvvürlərin formalaşdırılması bir-birindən fərqləndirilməlidir”.
Vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən, təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmayan şəxs təqsirli hesab edilə bilməz.
Onun fikrincə, hər hansı şəxsin məhkəmə hökmündən əvvəl mediada cinayətkar kimi təqdim olunması yolverilməzdir. Bu, təkcə həmin şəxsin şərəf və ləyaqətinə zərbə vurmaq deyil, həm də ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə təsiri bağışlayan yanaşmadır.
T.Abdullazadə media nümayəndələrini məlumatları işıqlandırarkən peşə etikası və hüquqi prinsipləri gözləməyə çağırır: “Jurnalistlər ehtimalları və iddiaları təsdiqlənmiş faktlar kimi təqdim etməməli, yekun hüquqi qiymətin məhkəməyə aid olduğunu unutmamalıdırlar. Media mənsublarına təqsirsizlik prezumpsiyasına hörmətlə yanaşmağı və media etikasını qorumağı tövsiyə edirəm”.
Vəkil Anar Tağızadə isə deyib: “Peşə subyektinin ehtimal olunan hüquqazidd əməlinə görə ümumilikdə müdafiə institutunun (peşə obyektinin) hədəfə alınması və publik mediada tirajlanmaqla nüfuzdan salınmasına yönəlmiş manipulyativ xəbərlər dolayı yolla “hüquqi nihilizmin” (hüquqi müdafiə mənasızdır) təşviqinə xidmət edir. Bu cür manipulyativ xəbərlər vətəndaş cəmiyyətində “hüquq işləmir” və “qanuni müdafiə mənasızdır” kimi təhlükəli düşüncə tərzini (hüquqi nihilizmi) formalaşdıra bilər. Con Roulz “Ədalət nəzəriyyəsi” əsərində ədalətli cəmiyyəti təsəvvür etmək üçün “cəhalət pərdəsi” (veil of ignorance) anlayışını irəli sürür. Yəni, heç kim sabah hansı sosial statusda və ya hansı ittihamla üzləşəcəyini bilmir. Vəkilliyi nüfuzdan salan və ya bu prosesi alqışlayan ictimai media üzvləri və vətəndaşlar əslində, sabah özlərinin də ehtiyac duyacağı müdafiə mexanizmini məhv edirlər.Hüquq fəlsəfəsində bu, kollektiv korluq və rasional özünümüdafiə instinktinin itirilməsinə gətirib çıxara bilər”.
Şəbnəm Mehdizadə
1 mənbə
