Avtonom avtomobillər nə dərəcədə təhlükəsizdir? Ekspertdən vacib AÇIQLAMA


XƏBƏRLƏR SON DƏQİQƏ
18 noyabr 2026 13:23 320 baxış
Süni intellekt texnologiyalarının inkişafı avtomobil sənayesində də ciddi dəyişikliklərə yol açır. Artıq sürücünün birbaşa müdaxiləsi olmadan hərəkət edə bilən avtonom avtomobillər yol hərəkətinin gələcəyi kimi qiymətləndirilir. Lakin bu texnologiyanın tətbiqi təhlükəsizlik, qəza riskləri və hüquqi məsuliyyətlə bağlı bir sıra suallar doğurur.
Bəs avtonom avtomobillər qəza təhlükəsi ilə üzləşdikdə necə qərar verir, mümkün hadisələrə görə məsuliyyət kimin üzərinə düşür? Azərbaycanda bu texnologiyanın tətbiqi üçün hansı şərait yaradılmalıdır?
Bu barədə Ekologiya.az-a açıqlama verən avtojurnalist Ağa Dadaşzadə bildirib:
"Avtonom avtomobillər ətrafı kameralar, radarlar və xüsusi sensorlar vasitəsilə daim izləyir. Yolda hər hansı təhlükə yarananda süni intellekt həmin vəziyyəti təhlil edir və ən təhlükəsiz çıxış yolunu seçməyə çalışır. Məsələn, avtomobil qəfil əyləc edə, sürətini azalda və ya maneədən yayınmaq üçün istiqamətini dəyişə bilər.
Amma burada bir məsələni unutmaq olmaz: süni intellekt nə qədər inkişaf etsə də, bütün təhlükəli vəziyyətləri əvvəlcədən düzgün hesablaya bilmir.
Məsuliyyət məsələsinə gəlincə, bu, qəzanın hansı səbəbdən baş verməsindən asılıdır. Əgər problem avtomobilin proqram təminatından və ya texniki nasazlıqdan qaynaqlanırsa, istehsalçının məsuliyyəti yarana bilər. Əgər avtomobilin idarə edilməsinə nəzarət sürücünün üzərindədirsə və o, öz öhdəliyini yerinə yetirməyibsə, məsuliyyət sürücüyə də aid ola bilər.
Bu texnologiyada ən vacib məsələlərdən biri qəza baş verəndə kimin məsuliyyət daşıdığının əvvəlcədən qanunla dəqiq müəyyən edilməsidir. Çünki süni intellekt qərar verə bilər, amma hüquqi məsuliyyət məsələsi açıq qalmalı deyil".
Onun sözlərinə görə, avtonom avtomobillər insan amilindən qaynaqlanan riskləri azaltsa da, hava şəraiti, gözlənilməz yol hadisələri və kiberhücumlar səbəbindən tam təhlükəsiz hesab edilə bilməz:
"Bu avtomobillərin əsas üstünlüyü odur ki, insan yorğunluğu, diqqətsizliyi və bəzi sürücülük səhvləri ilə bağlı riskləri azalda bilər. Amma bu, onların tam təhlükəsiz olduğu demək deyil.
Məsələn, güclü yağış, qar, duman və gecə vaxtı zəif görünüş avtomobilin kameralarının və sensorlarının işinə təsir edə bilər. Digər tərəfdən, yola qəfil çıxan piyada, qaydaları pozan sürücü və ya gözlənilmədən zolaq dəyişən avtomobil süni intellekt üçün çətin vəziyyət yarada bilər.
Digər ciddi risk kibertəhlükəsizliklə bağlıdır. Bu avtomobillər rəqəmsal sistemlərlə işlədiyi üçün kənar müdaxilə və kiberhücum ehtimalı da nəzərə alınmalıdır.
Bir məsələni də qeyd edim: sürücülər bəzən belə avtomobillərə həddindən artıq güvənə bilərlər. Düşünə bilərlər ki, avtomobil özü hər şeyi idarə edir və onların diqqətli olmasına ehtiyac yoxdur. Əslində isə istifadə olunan avtomatlaşdırma səviyyəsindən asılı olaraq sürücünün nəzarəti vacib olaraq qalır.
Əsas məsələ bu avtomobillərin yalnız ideal şəraitdə deyil, gündəlik həyatda qarşılaşdığımız bütün çətin yol şəraitində də etibarlı işləməsidir. Bunun üçün geniş sınaqlar aparılmalıdır".
Mütəxəssis qeyd edib ki, avtonom avtomobillərin Azərbaycanda tətbiqi üçün müasir infrastruktur və təhlükəsizlik sistemləri yaradılmalı, ilkin mərhələdə sınaqlar aparılmalıdır:
"Azərbaycanda bu texnologiyanın tətbiqi üçün ilk növbədə yollarımız və nəqliyyat infrastrukturu buna hazır olmalıdır. Çünki sürücüsüz avtomobilin təhlükəsiz hərəkəti üçün keyfiyyətli yol nişanları, aydın yol xətləri, müasir svetoforlar, dəqiq rəqəmsal xəritələr və güclü internet infrastrukturu vacibdir.
Xüsusilə Bakı kimi sıx nəqliyyatın olduğu şəhərlərdə bu məsələ daha aktualdır. Bəzən yollarda parklanma qaydalarının pozulması, qəfil zolaq dəyişmələri və nizamsız hərəkət müşahidə olunur. Belə şəraitdə avtonom avtomobillərin təhlükəsiz hərəkəti üçün əlavə texniki həllərə ehtiyac var.
Digər vacib məsələ 5G və V2X kimi müasir rabitə texnologiyalarının inkişafıdır. Bu sistemlər avtomobillərə bir-biri ilə və yol infrastrukturu ilə məlumat mübadiləsi aparmağa imkan verir.
Bununla yanaşı, xüsusi nəzarət mərkəzləri, kibertəhlükəsizlik sistemi, texniki yoxlamalar və qəza zamanı müdaxilə mexanizmləri yaradılmalıdır.
Azərbaycanda bu texnologiyanın tətbiqinə birdən-birə bütün yollarda başlamaq düzgün olmaz. İlk növbədə, qapalı ərazilərdə, sənaye zonalarında və müəyyən edilmiş marşrutlarda sınaqlar keçirilməlidir. Daha sonra nəticələrə uyğun olaraq ictimai nəqliyyatda və digər sahələrdə tətbiqi genişləndirmək olar.
Ən əsası, texnologiyaya keçid edərkən insan həyatını riskə atmaq olmaz. Biz yeniliyə açıq olmalıyıq, amma təhlükəsizlik məsələsində tələsməməliyik".
Zümrüd Abidqızı
1 mənbə