Avropada kiberhücum zamanı 750 minə yaxın şəxsin məlumatları ələ keçirilib


“Ən müasir hücumlar sərhədləri yox, serverləri keçir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Həsən Mansurov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq münasibətlər sistemi hazırda köklü transformasiya mərhələsindən keçir. Qlobal geosiyasi proseslər, rəqəmsal texnologiyaların inkişafı və süni intellektin geniş tətbiqi dövlətlərin təhlükəsizlik mühitini, iqtisadi potensialını və beynəlxalq təsir vasitələrini əhəmiyyətli dərəcədə dəyişir.
H.Mansurov bildirib ki, beynəlxalq münasibətlərdə güc artıq yalnız hərbi, iqtisadi və siyasi imkanlarla ölçülmür. İnformasiya resurslarına nəzarət, texnoloji potensial, rəqəmsal infrastrukturun dayanıqlılığı və kiberməkanda milli maraqların qorunması da strateji əhəmiyyət daşıyır.
O, son illərdə ölkələrin enerji infrastrukturlarının irimiqyaslı kiberhücumlara məruz qaldığını diqqətə çatdırıb. Bildirib ki, bu ilin oktyabrında Avropa ölkələrindən birində dövlətin rəqəmsal xidmətlərinə qarşı həyata keçirilən kiberhücum zamanı təxminən 11 milyon sorğu vasitəsilə 750 minə yaxın fərdi identifikasiya nömrəsinə aid məlumatlar icazəsiz ələ keçirilib.
Xidmət rəisinin müavini son dövrlərdə Azərbaycanın bəzi informasiya resurslarına, xüsusilə “gov.az” seqmentinə qarşı da DDoS və digər xarakterli kiberhücumların həyata keçirildiyini söyləyib.
H.Mansurov vurğulayıb ki, bu cür hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real nəticələr doğura biləcəyini göstərir. Onun fikrincə, kiber və texnoloji imkanlar geosiyasi təzyiq vasitəsinə, geosiyasi motivli kiberhücumlar isə adi statistikaya çevrilib.
O, beynəlxalq sorğu hesabatlarına istinadən təşkilatların 64 faizinin geosiyasi motivli kiberhücumları öz risk strategiyalarında nəzərə aldığını da diqqətə çatdırıb.
Zeynəb Rzayeva
1 mənbə
