Avropa Rusiyaya enerji resurslarına görə Ukraynaya göstərdiyi yardımdan çox pul ödəyib


Avropa İttifaqı ölkələri 2022-ci ildən bəri Ukraynaya təxminən 231,5 milyard avro maliyyə dəstəyi göstərdiyi halda, eyni müddətdə Rusiyaya enerji resurslarının alınması üçün bundan daha çox vəsait köçürüb. Nəticədə Moskvanın Avropa ölkələrindən əldə etdiyi gəlir Ukraynaya ayrılan yardımı üstələyib.
HİT.az xəbər verir ki, bu barədə “Bild” nəşri Avropa Parlamentinin deputatı Morits Kernerin Avropa Komissiyasına ünvanladığı sorğuya verilən cavaba istinadən məlumat yayıb.
Sənədə əsasən, 2022-ci ildən indiyədək Avropa İttifaqından Rusiyaya ümumilikdə 232,05 milyard avro vəsait daxil olub. Bu məbləğin böyük hissəsi enerji resurslarının, o cümlədən təbii qazın tədarükünə görə ödənilən pullardır.
Avropa Parlamentinin deputatı Morits Kerner Brüsselin Rusiya siyasətini tənqid edərək yaranmış vəziyyəti Avropa İttifaqının ardıcıl siyasət yürütmək qabiliyyətinin iflası kimi qiymətləndirib.
“Avropa Putinin enerji resurslarına onunla mübarizəyə ayırdığı qədər pul ödəyir. Sonra isə müharibənin niyə başa çatmadığına təəccüblənir”, - deyə deputat bildirib.
Məlumatda diqqətçəkən məqamlardan biri də ayrı-ayrı Avropa ölkələrinin Rusiyaya ödədiyi vəsaitlə Ukraynaya göstərdiyi yardım arasındakı fərqdir. Məsələn, Fransa Rusiya mənşəli idxala görə təxminən 40 milyard avro ödədiyi halda, Ukraynaya ayırdığı yardım 16 milyard avro civarında olub. İtaliyada da oxşar vəziyyət müşahidə edilir.
Kerner hesab edir ki, Avropa İttifaqı Rusiyanın hərbi büdcəsinə milyardlarla avronun daxil olmasına şərait yaratmaqla, eyni zamanda Ukraynaya kifayət qədər qətiyyətli dəstək göstərməməklə müharibənin uzanmasına dolayı yolla töhfə verir.
Qeyd edək ki, Ukrayna bundan əvvəl Avropa İttifaqının “Ukraine Facility” proqramı çərçivəsində təxminən 8 milyard avro maliyyə yardımı alıb. Bu, proqramın fəaliyyətə başladığı vaxtdan indiyədək ayrılan ən böyük birdəfəlik tranş kimi təqdim olunur.
Samir
1 mənbə