Avropa kosmik tullantıları təmizləmək üçün peyk HAZIRLAYIR


Avropa orbitdəki kosmik tullantıları təmizləmək üçün xüsusi peyk hazırlayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi (ESA) məlumat yayıb.
ESA orbitdə istismar müddətini başa vurmuş peykləri tutaraq orbitdən çıxaracaq xüsusi kosmik aparatın hazırlanmasını sifariş edib.
Dəyəri 102 milyon avrodan çox olan müqavilə Almaniyanın OHB şirkətinə həvalə olunub. ClearSpace-1 missiyasının 2030-cu ildə həyata keçirilməsi planlaşdırılır.
Missiyanın ilk hədəfi 2001-ci ildə orbitə buraxılmış PROBA-1 peyki olacaq.
Xüsusi aparat dörd robot manipulyator vasitəsilə peyki tutaraq Yer atmosferinə yönəldəcək. Nəticədə hər iki aparat atmosferə daxil olaraq yanmalıdır.
ESA-nın məlumatına görə, hazırda orbitdə müntəzəm izlənilən obyektlərin sayı 47 mini ötüb.
Bundan əlavə, Yer ətrafında ölçüsü 1-10 santimetr olan təxminən 1,5 milyon kosmik tullantı parçasının olduğu ehtimal edilir.
Bu fraqmentlər yüksək sürətlə hərəkət etdikləri üçün fəaliyyətdə olan peyklər üçün təhlükə yaradır.
Xuraman Etibarlı
İnterpress.az
