“Assist Finance İnvestisiya Şirkəti” CƏRİMƏLƏNİB


“Assist Finance İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) maliyyə monitorinqi orqanının yazılı göstərişlərini icra etmədiyinə görə 20 000 manat məbləğində cərimələnib.
Plat.az-ın əldə etdiyi məlumata görə, iş üzrə İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.3-cü (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması, maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş protokol və ona əlavə olunan sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə hüquqi şəxs “Assist Finance İnvestisiya Şirkəti” ASC İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20 000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib. Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində şirkətin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını istəyib.
Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş edib.
Məhkəmə iş materiallarını araşdırarkən müəyyən edib ki, “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən ünvanında maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişləri icra etməməsi faktı müəyyən olunub.
İş materiallarına əsasən, məlumatların təqdim edilməsinə dair göstərişlə “Assist Finance İnvestisiya Şirkəti” ASC-yə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə uyğun olaraq məktub göndərilib.
Bununla yanaşı, şirkətə “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi (ŞƏMS) vasitəsilə də eyni məzmunlu sorğu təqdim edilib. Sorğuda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri ilə bağlı aparılan strateji təhlillər çərçivəsində 2024–2025-ci illər üzrə hüquqi və fiziki şəxslərin qiymətli kağızlarla əlaqəli ölkəxarici birjalarda həyata keçirdikləri alqı-satqı əqdləri barədə məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi tələb olunub.
Məlumatların təqdim edilməsi nəzərdə tutulsa da, məhkəmənin araşdırmasına görə, “Assist Finance İnvestisiya Şirkəti” ASC tərəfindən sorğu ilə bağlı məlumatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməyib.
Daha sonra şirkətə məlumatların 7 iş günü müddətində Xidmətə təqdim edilməsi tələb olunub və əks halda İXM-in 598.1.3-cü maddəsi ilə inzibati məsuliyyət yaranacağı barədə xəbərdarlıq edilib.
Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları, tərəflərin mövqelərini və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qiymətləndirərək hesab edib ki, şirkətin apellyasiya şikayəti əsassızdır. Məhkəmənin qənaətinə görə, “Assist Finance İnvestisiya Şirkəti” ASC tərəfindən maliyyə monitorinqi orqanının qanunvericiliyin tələblərinə uyğun verdiyi yazılı göstərişin icra edilməməsi inzibati xəta tərkibini yaradıb. Nəticədə apellyasiya şikayəti təmin edilməyib.
Beləliklə, Xətai Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb və “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində tətbiq edilmiş 20 000 manat məbləğində cərimə qüvvədə qalıb.
Qeyd edək ki, “Assist Finance İnvestisiya Şirkəti” ASC 15 fevral 2018-ci ildə “BTB Kapital İnvestisiya Şirkəti” adı ilə dövlət qeydiyyatına alınıb. Şirkət 12 oktyabr 2018-ci ildə investisiya fəaliyyəti üçün lisenziya əldə edib. 10 aprel 2023-cü ildə adı “Assist Finance İnvestisiya Şirkəti” olaraq dəyişdirilib. Şirkətin səhmlərinin 100%-i Ruslan Nazim oğlu Cəfərova məxsusdur.