Arvadını döyən 73 yaşlı kişi sərbəst buraxıldı


Lənkəranda 73 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib.
1953-cü il təvəllüdlü Tahir (ad şərtidir – red.) birgə yaşadığı evin ikinci mərtəbəsindəki yataq otağında arvadı Səmayə (ad şərtidir – red.) ilə mübahisə edib.
İstintaq materiallarına görə, ailə-məişət zəminində yaranan mübahisə zamanı Tahir həyat yoldaşına bir neçə dəfə yumruqla zərbə endirərək xəsarət yetirib.
Tahir barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa zərər vurma) ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Tahir ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam ödədiyini bildirib.
Zərərçəkmiş Səmayə də əri ilə barışdığını, Tahirə qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 40.3 və 305.1-ci maddələrinə əsasən Tahir cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
