AP: Səudiyyə Ərəbistanı husilərlə münaqişənin daha 6 ay davam edəcəyini düşünür


Səudiyyə Ərəbistanı hakimiyyəti Yəməndəki “Ənsar Allah” hərəkatının husiləri ilə münaqişənin hazırkı formatda daha 6 ay davam edəcəyini ehtimal edir.
Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, krallıq hərbi əməliyyatların mümkün müddəti ilə bağlı qiymətləndirmələrini müttəfiqlərinə çatdırıb. Eyni zamanda Səudiyyə Ərəbistanı husilərə qarşı hərbi təzyiqin artırılmasının zəruriliyini vurğulayır və ABŞ-ni müdaxiləyə çağırır. Vaşinqton isə hazırkı mərhələdə münaqişədə birbaşa iştirakdan yayınmağa davam edir.
AP-nin mənbələrinin bildirdiyinə görə, Ər-Riyad hərbi təzyiqi gücləndirməklə husilərin Yəməndə irəliləməsini dayandırmağa, daha sonra isə onlarla daha əlverişli mövqedən danışıqlara başlamağa ümid edir.
Yəməndə 2014-cü ilin avqustundan etibarən husilər və Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir.
2026-cı ilin iyulunda üsyançılar krallığa qarşı dəniz blokadası tətbiq etdiklərini elan etdikdən sonra Səudiyyə Ərəbistanına məxsus bir neçə neft tankerinə hücum ediblər.
Avqustun əvvəlində “Ənsar Allah” hərəkatı Yəmənin cənub-qərbində hücuma başlayıb. Sentyabrın 10-11-də isə Moha liman şəhəri və Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilər üzərində nəzarəti ələ keçirib.
Oktyabrın 4-də Yəmən hökumət qüvvələri üsyançıların nəzarətində olan əraziləri geri qaytarmaq məqsədilə genişmiqyaslı hərbi əməliyyata başladıqlarını elan ediblər.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə
