Almanların təxminən yarısı Ukraynaya yardımın azaldılmasını və ya dayandırılmasını dəstəkləyir - SORĞU


Sorğunun nəticələrinə görə, Almaniya sakinlərinin təxminən yarısı Ukraynaya göstərilən maliyyə, hərbi və humanitar yardımın azaldılmasının və ya tamamilə dayandırılmasının tərəfdarıdır.
Ordu.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri məlumat yayıb.
Noyabrın 13-dən 16-dək “Welt am Sonntag” qəzetinin sifarişi ilə “YouGov” şirkəti tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 25 faizi Berlinin Ukraynaya dəstəyi tamamilə dayandırmalı olduğunu düşünür. Daha 24 faiz isə yardımın azaldılmasını dəstəkləyir.
Eyni zamanda, sorğuda iştirak edənlərin 30 faizi yardımın hazırkı səviyyədə saxlanılmasını, 9 faizi isə artırılmasını istəyir. Respondentlərin daha 11 faizi mövqeyini müəyyənləşdirməyib.
Sorğunun nəticələri münaqişənin nizamlanmasına yönəlmiş diplomatik səylərin davam etdiyi bir vaxta təsadüf edib.
Bu həftə Almaniya kansleri Fridrix Merts “istəklilər koalisiyası” adlanan qrupa daxil olan Ukraynanın Avropa müttəfiqləri ilə görüş keçirib. Danışıqların məqsədi sülh nizamlanması ilə bağlı davam edən müzakirələr fonunda Avropa ölkələrinin birliyini qorumaq olub.
Sevinc Əliyeva Ordu.az