Almaniyanın “Hensoldt” şirkəti SPEXER radarlarının istehsalını avtomobil zavodunda genişləndirəcək


“ZF Friedrichshafen AG” ilə əməkdaşlıq çərçivəsində SPEXER radarlarının seriyalı istehsalı təşkil ediləcək və bu, “Hensoldt” şirkətinin istehsal gücünü artırmağa imkan verəcək.
Almaniyanın radar istehsalçısı “Hensoldt” şirkəti və “ZF Friedrichshafen AG” konserni əməkdaşlıq haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, ZF şirkətinin istehsal müəssisələrində SPEXER radarlarının seriyalı istehsalı təşkil olunacaq. Bu addım “Hensoldt” şirkətinin istehsal gücünü genişləndirməsinə imkan verəcək. Əməkdaşlıq PUA-lara qarşı müdafiə üçün nəzərdə tutulan radar sistemlərinə tələbatın artması ilə əlaqədardır.
“Hensoldt” şirkətinin məlumatına görə, ZF radarları müstəqil şəkildə istehsal edəcək və birbaşa sifarişçilərə tədarük edəcək. Bununla belə, əqli mülkiyyət hüquqları tamamilə “Hensoldt” şirkətində qalacaq. Bundan əlavə, ZF istehsal prosesi üçün avtomatlaşdırılmış sınaq sistemi hazırlayacaq.
Hazırda “Hensoldt” istehsal imkanlarını üç əsas prinsip əsasında genişləndirir. Bunlara öz təchizat zəncirlərinin təmin edilməsi, mövcud müəssisələrdə ehtiyat istehsal güclərindən səmərəli istifadə və digər sənaye şirkətləri ilə tərəfdaşlıq çərçivəsində yeni istehsal sahələrinin yaradılması daxildir.
ZF şirkətinin idarə heyətinin üzvü Andreas Mozer və “Hensoldt” şirkətinin baş icraçı direktoru Oliver Dörre Almaniyanın iqtisadiyyat naziri Katarina Rayhenin iştirakı ilə əməkdaşlıq sazişini imzalayıblar.
ZF şirkəti ilə əməkdaşlığın seçilməsinin səbəblərindən biri onun yüksək tezlikli texnologiyalar sahəsində təcrübəyə və genişmiqyaslı seriyalı istehsalın təşkili üzrə biliklərə malik olmasıdır. Bundan başqa, ZF-nin istehsal müəssisələrinin “Hensoldt” şirkətinin obyektlərinin yaxınlığında yerləşməsi də üstünlük hesab olunur.
Söhbət aşağı hündürlükdə uçan hava hədəflərini, o cümlədən PUA-ları, eləcə də yerüstü və dəniz platformalarını aşkar edə, izləyə və avtomatik təsnif edə bilən çoxfunksiyalı SPEXER radarları ailəsindən gedir.
Bu ailənin əsas sistemlərindən biri kiçik platformalarda quraşdırıla bilən və kiçik hədəfləri 10 kilometrədək məsafədə aşkar etmək üçün nəzərdə tutulmuş kompakt SPEXER 360 radar sistemidir.
SPEXER 500 və SPEXER 1000 radarları kritik infrastruktur obyektlərinin müşahidəsi üçün hazırlanıb. Onların fəaliyyət məsafəsi müvafiq olaraq 9 və 18 kilometrdir.
Ailənin ən qabaqcıl modeli SPEXER 2000 “Mk 3” radar sistemidir. Onun əsas vəzifəsi hava hücumundan müdafiə sistemlərinin tərkibində PUA-ları 40 kilometrədək məsafədə aşkar etməkdir.
“Hensoldt” şirkətinin əsas məqsədi, böyük ehtimalla, SPEXER 2000 “Mk 3” radarlarının istehsalını genişləndirməkdir. Məlum olduğu kimi, bu radar qısa mənzilli “Skyranger 30” qüllə tipli PUA əleyhinə hava hücumundan müdafiə sistemində istifadə olunur. Bununla belə, onu adi avtomobillər də daxil olmaqla, yüngül texnikaya inteqrasiya etmək mümkündür.
Radarın əsas xüsusiyyətlərindən biri hərəkət zamanı fəaliyyət göstərə bilməsidir. Bu imkan ona hərbi bölməni hərəkət boyu müşayiət etməyə şərait yaradır. SPEXER 2000 “Mk 3” sistemləri ən azı səkkiz ölkənin silahlı qüvvələri tərəfindən istismar olunur və Ukrayna üçün də artıq müqavilələşdirilib.
Ukrayna üçün SPEXER 2000 “Mk 3” radarlarının insansız quru platformalarına inteqrasiyası da perspektivli görünür. Radarın ölçüləri və çəkisi onun yerli istehsal olan yerüstü platformalarda inteqrasiya edilmiş modul kimi quraşdırılmasına imkan verir. Bu, hədəflərin aşkarlanması əməliyyatları zamanı mobilliyi təmin edə və təbəqəli hava hücumundan müdafiə sisteminin ayrı-ayrı müdafiə xətlərindən birinin fəaliyyət məsafəsini əhəmiyyətli dərəcədə genişləndirə bilər.
“Hensoldt” şirkəti Ukraynanın strateji tərəfdaşlarından biridir. Şirkət cari ildə öz radarlarına texniki xidmət göstərmək üçün Ukraynada servis mərkəzi açıb. Həmçinin həmin mərkəzin bazasında öz radar sistemlərinə xidmət göstərəcək mütəxəssislər hazırlayır.
Bundan əlavə, “Hensoldt” Ukraynanın “Fire Point” şirkətinin rəhbərlik etdiyi ümumavropa “Frejya” hava hücumundan müdafiə layihəsində iştirak edir.
Bu baxımdan ehtimal etmək olar ki, ZF şirkətinin istehsal müəssisələrindən istifadə etməklə radar istehsalının genişləndirilməsi Ukraynaya da təsir göstərəcək. Bu məsələ ilə bağlı tərəflər arasında qeyri-rəsmi razılaşmaların artıq mövcud olması da mümkündür.
Sevinc Əliyeva Ordu.az
