Almaniya niyə Cənubi Qafqaza üz tutur? – DEPUTATDAN AÇIQLAMA


"Almaniyanın xarici işlər naziri İohan Vadefulun Azərbaycana və Ermənistana səfəri sadəcə diplomatik təmas deyil, Cənubi Qafqazın Avropanın yeni geosiyasi və geoiqtisadi gündəliyində artan əhəmiyyətinin göstəricisidir. Berlin yaxşı anlayır ki, bu gün Cənubi Qafqazda gedən proseslər təkcə üç regional dövlətin gələcəyini deyil, Avropanın enerji təhlükəsizliyini, Asiya ilə ticarət əlaqələrini və bütövlükdə Avrasiya məkanında formalaşan yeni siyasi balansı müəyyənləşdirən mühüm amillərdəndir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri İohan Vadefulun noyabrın 17-də Azərbaycana, 18-də isə Ermənistana səfəri Cənubi Qafqazda diplomatik proseslərə diqqəti artırıb. Səfər çərçivəsində Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, Ermənistanla sülh prosesi və Rusiyanın regiondakı rolu əsas müzakirə mövzuları olacaq. Almaniya tərəfi Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını və nəqliyyat əlaqələrinin açılmasını dəstəklədiyini bəyan edib.
Deputat bildirib ki, Almaniyanın regiona marağı üç əsas istiqamətdə – enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya imkanları və geosiyasi təsir baxımından qiymətləndirilə bilər.
"Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji mənbələrini və ticarət marşrutlarını şaxələndirmək siyasəti Cənubi Qafqazın strateji əhəmiyyətini daha da artırıb. Bu baxımdan Azərbaycan Berlin üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropanı Mərkəzi Asiya və daha geniş Asiya bazarları ilə birləşdirən mühüm geoiqtisadi körpüdür. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Almaniya Azərbaycanın regional imkanlarını artıq konkret iqtisadi maraqlar müstəvisində dəyərləndirir. Prezident İlham Əliyevin bu ilin iyulunda Almaniyaya səfəri zamanı əldə olunan razılaşmalar, strateji tərəfdaşlıq gündəliyi və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə sənəd münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Noyabrın 17-də Prezident İlham Əliyevlə keçirilən görüşdə enerji, investisiya, nəqliyyat və logistika məsələlərinin müzakirəsi də bu əməkdaşlığın praktik məzmununu ortaya qoyur. Digər mühüm məsələ sülh prosesidir. Azərbaycan Cənubi Qafqazda yeni siyasi reallıq yaradıb və regionun gələcək təhlükəsizlik arxitekturasının formalaşmasında əsas iştirakçılardan biridir. Vaşinqtonda sülh sazişi mətninin paraflanmasından sonra beynəlxalq tərəfdaşların diqqəti artıq əldə olunmuş irəliləyişin davamlı sülhə çevrilməsinə yönəlib. Almaniyanın bu prosesə dəstəyi də həmin reallığın qəbul edilməsi baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, Berlinin həm Bakı, həm də İrəvanla münasibətləri genişləndirmək istəyi regionda kiminsə hesabına yeni siyasi üstünlük qazanmaqdan daha çox, formalaşan yeni imkanlardan kənarda qalmamaq məqsədi daşıyır. Çünki müasir geosiyasətdə təsir imkanları yalnız hərbi mövcudluqla deyil, investisiyalar, enerji layihələri, nəqliyyat dəhlizləri və iqtisadi qarşılıqlı asılılıqla da müəyyən olunur. Rusiyanın regiondakı roluna gəldikdə isə, Almaniyanın bu məsələyə yanaşması Avropanın daha geniş təhlükəsizlik siyasətinin tərkib hissəsidir. Lakin Cənubi Qafqaz böyük güclərin rəqabət meydanına çevrilməməlidir. Azərbaycan üçün əsas prinsip dəyişməzdir: regionun gələcəyini ilk növbədə region dövlətlərinin suveren qərarları və milli maraqları müəyyən etməlidir. Ən mühüm məqamlardan biri də budur ki, Orta Dəhlizin inkişafı, yeni nəqliyyat bağlantılarının açılması və regional iqtisadi inteqrasiya artıq yalnız Cənubi Qafqazın deyil, Avropanın da strateji maraqları sırasındadır. Almaniya kimi Avropanın aparıcı iqtisadi güclərindən birinin bu proseslərə fəal qoşulması yeni investisiya və texnoloji əməkdaşlıq imkanları yarada bilər. Nəticə etibarilə, Almaniyanın Cənubi Qafqaza artan marağı regionda siyasi balansı müəyyən mənada şaxələndirə bilər. Ancaq burada əsas məsələ hansı xarici gücün təsirinin artması deyil, region dövlətlərinin bu marağı öz inkişaflarına necə yönəltməsidir. Azərbaycanın üstünlüyü ondadır ki, ölkəmiz artıq yalnız beynəlxalq təşəbbüslərin iştirakçısı deyil, həm də regional gündəliyin formalaşmasında söz sahibi olan dövlətdir. Bu gün Avropa Cənubi Qafqaza sadəcə coğrafi məkan kimi deyil, öz iqtisadi və təhlükəsizlik gələcəyinin mühüm istiqamətlərindən biri kimi baxır. Azərbaycan isə bu yeni geosiyasi mənzərədə öz milli maraqlarına əsaslanan müstəqil siyasətini davam etdirir".
Rəfiqə Namazəliyeva,
AzNews.az