Almaniya mətbuatı ASELSAN-ın eyni vaxtda 51 PUA-nı zərərsizləşdirməsini manşetə çıxarıb


Almaniyanın “Berliner Zeitung” qəzeti ASELSAN-ın EJDERHA AD-210 sistemi ilə eyni vaxtda 51 PUA-nı heç bir sursat istifadə etmədən zərərsizləşdirməsinə geniş yer ayırıb.
Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin hazırladığı yeni nəsil PUA əleyhinə sistemlər Avropa mətbuatının diqqətini cəlb etməkdə davam edir.
“Berliner Zeitung” qəzeti ASELSAN-ın 51-ci ildönümü çərçivəsində keçirdiyi EJDERHA AD-210 sınağı barədə yazaraq sistemin texniki imkanlarını və Türkiyənin müdafiə sənayesində əldə etdiyi irəliləyişləri diqqətə çatdırıb.
Qəzet 2026-cı il noyabrın 16-da yayımladığı məqaləni “Türkiyənin müdafiə sistemi eyni vaxtda 51 PUA-nı zərərsizləşdirdi, video dünya premyerasını göstərir” başlığı ilə dərc edib.
“Berliner Zeitung” yazıb ki, sınaq poliqonunda eyni vaxtda havaya qalxan 51 PUA EJDERHA sistemi tərəfindən saniyələr ərzində zərərsizləşdirilib.
Məqalədə sistemin hər hansı raket və ya sursatdan istifadə etmədən hədəfləri dayandırmaq imkanının diqqətçəkən olduğu vurğulanıb.
Qəzet ASELSAN-ın baş direktoru Əhməd Akyolun nümayişi dünya miqyasında ilk hadisə kimi qiymətləndirdiyini bildirib. Həmçinin 51 PUA-nın eyni vaxtda zərərsizləşdirilməsinin şirkətin 51-ci ildönümünə həsr olunduğu qeyd edilib.
Qəzet EJDERHA sisteminin əvvəlcə kabel vasitəsilə idarə olunan iki PUA-ya qarşı sınaqdan keçirilməsinə də diqqət çəkib.
Bu nümayişin sistemin yalnız PUA-ların rabitə əlaqələrinə radioelektron müdaxilə etmədiyini, həm də onların elektron komponentlərinə birbaşa təsir göstərə bildiyini ortaya qoyduğu bildirilib.
“Berliner Zeitung” EJDERHA sisteminin ənənəvi hava hücumundan müdafiə sistemlərindən fərqli olaraq yüksək güclü elektromaqnit dalğalarından istifadə etdiyini yazıb.
Sistemin kiçik PUA-ların elektron komponentlərini hədəf alaraq onları sıradan çıxarmaq üçün hazırlandığı qeyd edilib. Məqalədə EJDERHA-nın Türkiyənin çoxtəbəqəli hava hücumundan müdafiə arxitekturası olan “Çelik Kubbe”yə inteqrasiyasının planlaşdırıldığı bildirilib.
ASELSAN-ın baş direktoru Əhməd Akyolun sistemin seriyalı istehsalına başlanıldığını açıqladığı da xatırladılıb. Bununla belə, sınaqda istifadə olunan PUA-ların elektron komponentlərində qalıcı zədələrin yaranıb-yaranmadığı və indiyədək neçə ədəd EJDERHA istehsal edildiyi barədə məlumat verilməyib.
Almaniya qəzeti EJDERHA sisteminin uğurunu ASELSAN-ın Avropa müdafiə bazarında genişlənən fəaliyyəti ilə birlikdə qiymətləndirib.
Qəzet ASELSAN-ın 2025-ci ilin dekabrında Polşadan radioelektron mübarizə sistemləri üçün 410 milyon dollar dəyərində sifariş aldığını xatırladıb.
Məqalədə şirkətin NATO-nun şərq cinahındakı ölkələrin artan müdafiə ehtiyaclarını fürsətə çevirməyi və Qərbi Avropadakı mövqeyini gücləndirməyi hədəflədiyi bildirilib.
ASELSAN-ın baş direktoru Əhməd Akyolun Avropa ölkələrinin müdafiə ehtiyaclarını sürətlə qarşılamaq üçün Avropa İttifaqına üzv olmayan istehsalçılarla da əməkdaşlığa açıq olduqlarını bildirdiyi qeyd edilib.
Qəzet Avropa İttifaqının 150 milyard avroluq SAFE müdafiə maliyyələşdirmə proqramı çərçivəsində tətbiq etdiyi tədarük qaydalarına da toxunub. “Berliner Zeitung” ASELSAN-ın ixrac göstəricilərinin artmasına da diqqət çəkib.
Məlumata görə, şirkət 2026-cı ilin ilk doqquz ayında 1,9 milyard dollar dəyərində yeni ixrac müqavilələri imzalayıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34 faiz artım deməkdir.
Məqalədə EJDERHA sistemi üçün hələlik heç bir avropalı müştərinin açıqlanmadığı qeyd olunub. Bununla belə, ASELSAN-ın radioelektron mübarizə və PUA əleyhinə sistemlər sahəsindəki fəaliyyətinin Avropa müdafiə bazarında getdikcə daha çox diqqət çəkdiyi vurğulanıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
