Alimlər sonuncu homo növünü araşdırırlar – Çində mağarada “Homo erectus”a aid qalıqlar tapılıb


Çinin cənubundakı iki mağarada aşkar edilmiş dişlər üzərində aparılan yeni tədqiqatlara əsasən, “Homo erectus” kimi tanınan qədim insan əcdadı hələ 184 000 il əvvəl uzun məsafələr qət edərək, sıx, örtülü yağış meşələrində yaşayıb.
Tədqiqatçıların əvvəllər yalnız “Homo sapiens”ə məxsus olduğunu düşündükləri çətin mühitdə bu sirli növün uğurla yaşaya bildiyinə dair sübutlar alimlərin “Homo erectus” haqqındakı təsəvvürlərini dəyişir. Afrikadan çıxıb qitələri keçən ilk qədim insan növü olan “Homo erectus” nəsli kəsilməzdən əvvəl təxminən 2 milyon il ərzində planetimizdə mövcud olub. Son tədqiqatlar göstərir ki, bu növ alimlərin düşündüyündən qat-qat daha ağıllı ola bilərdi.
Almaniyadakı Maks Plank Geoantropologiya İnstitutunun professoru Patrik Roberts yaydığı açıqlamada bildirib ki, “Homo sapiens”in 100 000 ilə 13 000 il əvvəl dünyanın müxtəlif yerlərindəki yağış meşələrinə uyğunlaşdığına dair anlayış getdikcə artsa da, bu, həmin mühitlərdə yaşamış başqa bir homo növünə aid əlimizdə olan ilk aydın və birbaşa sübutdur. Roberts “Nature” jurnalında dərc olunmuş və dişlərlə bağlı aparılan iki tədqiqatdan birinin həmmüəllifidir.
Avstraliyalı, çinli və avropalı tədqiqatçılardan ibarət qrup Çinin cənubundakı Quansi əyalətində – qayalı, sıldırım yamaclı təpələri, düz vadiləri və yerüstü çökəklikləri ilə seçilən əhəngdaşı karst landşaftında bir-birindən 15 kilometr məsafədə yerləşən iki mağaradan aşkar edilmiş doqquz homo dişini və heyvan qalıqlarını tədqiq ediblər.
Alimlər dişlərdəki qabarıqlıq və şırımları təhlil edərək, onlardan səkkizinin “Homo erectus” növünə aid olduğunu müəyyən ediblər. Tədqiqat qrupu, həmçinin dörd dişin mina qatından molekulyar məlumatlar əldə edib. Bu məlumatlar həmin ilin əvvəlində “Homo erectus” dişlərində aşkar edilmiş zülallarla əlaqəyə işarə edirdi. Bu növün öyrənilməsi üçün indiyədək çox az genetik material mövcud olduğundan, onun insan təkamülündəki yeri böyük bir sirr olaraq qalırdı.
Alimlər fosillərin yaşını təyin etmək üçün dişlər, eləcə də onları əhatə edən mağara çöküntüləri və mineral formasiyalar üzərində beş fərqli tarixləndirmə üsulundan istifadə ediblər. Əldə edilən nəticələr göstərib ki, “Homo erectus” nümayəndələri 324 000 ilə 184 000 il əvvəl indiki Cənubi Çin ərazisində yaşayıblar. Halbuki, həmin dövrdə bu növün artıq həmin regiondan, eləcə də dünyanın əksər digər yerlərindən yoxa çıxdığı güman edilirdi. Ən yeni “Homo erectus” fosilləri İndoneziyada aşkar edilib və onların yaşı 108 000 il hesablanır.
Komanda, həmçinin “Homo erectus”un ərazi üzrə necə hərəkət etdiyini anlamaq üçün dişlərdəki "izotoplar" kimi tanınan kimyəvi izləri tədqiq edilər. Tədqiqatçılar diş minasında yerli geologiyanı əks etdirən stronsium elementini təhlil edərək müəyyən ediblər ki, bəzi fərdlər uşaqlıq dövrlərini, yəni dişlərin formalaşdığı vaxtı meşəlik karst ərazilərində, geniş sahələr boyu hərəkət edərək keçirmiş ola bilərlər. Ehtimal ki, onlar 250 kilometrə qədər məsafə qət ediblər.
Komanda mağaralarda aşkar edilmiş doqquzuncu dişi dəqiq şəkildə müəyyən edə bilməyib. Onun forması “Homo erectus”, “Homo sapiens” və neandertallara (sonuncular təxminən 40 000 il əvvəl yoxa çıxıblar) aid dişlərdən fərqlənirdi. Həmçinin bu dişdə “Homo erectus”a aid olduğu müəyyən edilmiş dişlərdən əldə edilən zülallardakı molekulyar izlər mövcud deyildi.
“Nature” jurnalında dərc olunan tədqiqatlardan birində qeyd olunur ki, bu iki növ təxminən eyni dövrdə eyni regionda yaşayıb. Müəlliflər bu üst-üstə düşmə halını "maraq doğuran" bir fakt kimi təsvir ediblər. Bu ilin əvvəlində dərc olunan bir araşdırmada alimlər Çində aşkar edilmiş altı ədəd “Homo erectus” dişindən qədim zülallar əldə ediblər. Bu tədqiqat “Homo erectus” ilə “Homo longi” kimi sonrakı insan növləri arasında molekulyar əlaqəni ilk dəfə üzə çıxarıb.
London Təbiət Tarixi Muzeyinə əsasən, “Homo erectus” növünə aid qalıqlar Afrika, Asiya və Avropada aşkar edilib və 1,5 milyon ildən çox bir dövrü əhatə edir. Bu, “Homo sapiens” növünün mövcud olduğu 400 000 illik müddətdən xeyli uzundur. Bu da “Homo erectus” növünü bütün insan nəsilləri arasında ən uzun müddət mövcud olmuş növə çevirir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”