Şahzadə: "Çağırsalar, yenidən orduya qoşulub Rusiya ilə döyüşərəm"


Böyük Britaniya şahzadəsi Harri zərurət yaranacağı təqdirdə yenidən ölkəsinin ordusunda xidmət etməyə və Rusiya ilə müharibədə iştirak etməyə hazır olduğunu bildirib.
Demeokrat.az xəbər verir ki, Ukraynanın Lvov şəhərinə səfər edən şahzadə "The Telegraph" qəzetinin podkastına müsahibəsində ölkəsinə xidmət etməyə hazır olduğunu deyib.
"Əgər yenidən orduya qoşulmağım istənilsə və buna ehtiyac yaransa, bütün silahdaşlarımla birlikdə ölkəmə xidmət etmək üçün 100 faiz hazıram", – deyə Harri bildirib.
O, Rusiya ilə Ukrayna arasındakı müharibənin hər kəsi narahat etməli olduğunu vurğulayıb. Şahzadənin sözlərinə görə, Böyük Britaniya da son 10 ildə Rusiya ilə müharibə vəziyyətindədir. O, ölkə ərazisinə bombaların düşməməsinin və dronların uçmamasının müharibənin olmadığı anlamına gəlmədiyini söyləyib.
Qeyd edək ki, Harri 2005-2015-ci illərdə Britaniya ordusunda xidmət edib və Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edib. O, 2022-ci ildən bəri dördüncü dəfə Ukraynaya səfər edib. Şahzadə həmçinin təsisçisi olduğu veteranların iştirak etdiyi "Invictus Games" yarışlarını Ukraynada keçirməyə söz verib.
