Aİ İndoneziya ilə ticarət sazişini təsdiqləməyə hazırlaşır: şirkətlər 600 milyon avro qənaət edə bilər


Avropa İttifaqı ilə İndoneziya arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addım atılıb. Yeni ticarət sazişinin qüvvəyə minməsi Avropa şirkətlərinin gömrük xərclərini əhəmiyyətli dərəcədə azalda bilər.
Plat.az-ın Reuters-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurası noyabrın 18-də İndoneziya ilə hərtərəfli iqtisadi tərəfdaşlıq və investisiyaların qorunması sazişlərinin imzalanmasına razılıq verib. Razılaşma çərçivəsində tərəflər arasında ticarət edilən məhsulların böyük əksəriyyətinə tətbiq olunan gömrük rüsumlarının mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur. Avropa Komissiyasının hesablamalarına görə, saziş biznes subyektlərinə hər il təxminən 600 milyon avro gömrük rüsumuna qənaət etməyə imkan verəcək. İndoneziyanın Avropadan idxal etdiyi avtomobillərə tətbiq olunan və 50 faizə çatan rüsumların beş il ərzində ləğvi də planlaşdırılır. Sənəd kənd təsərrüfatı, əczaçılıq, avtomobil sənayesi, tekstil, rəqəmsal ticarət və enerji sahələrində əməkdaşlığı genişləndirəcək. Sazişin imzalanmasından sonra onun Avropa Parlamentinin təsdiqinə təqdim edilməsi gözlənilir.