Vüqar Bayramov: Azərbaycan Vyetnama qeyri-neft məhsullarının ixracını artıra bilər


Azərbaycan və Vyetnam arasında iqtisadi-ticari əlaqələr inkişaf etsə də, qarşılıqlı ticarətdə idxalın payı ixracı xeyli üstələyir. Bu vəziyyət Azərbaycan məhsullarının Vyetnam bazarına çıxarılması üçün yeni imkanlar yaradır.
Bugun.tv xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibəni şərh edərkən sosial media hesabında yazıb.
Deputatın diqqətə çatdırdığı statistikaya əsasən, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 153 milyon dollar təşkil edib. Bunun 152 milyon dolları Vyetnamdan idxalın payına düşüb. 2026-cı ilin ilk doqquz ayında isə iki ölkə arasında ticarət dövriyyəsi 136 milyon dolları ötüb. Bu dövrdə də idxalın üstünlük təşkil etməsi Azərbaycanın Vyetnama ixrac imkanlarının genişləndirilməsinin vacibliyini göstərir.
Enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanları
Vüqar Bayramov qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq təkcə ticarətlə məhdudlaşmır. Enerji sektorunda da mühüm perspektivlər mövcuddur. Ötən il Azərbaycan Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında imzalanan Anlaşma Memorandumu neft-qaz yataqlarının birgə kəşfiyyatı və işlənilməsi üçün imkanlar yaradır.
Deputatın sözlərinə görə, hazırda Azərbaycanda bərpa olunan enerji sahəsi də daxil olmaqla müxtəlif istiqamətlərdə yeddi Vyetnam şirkəti fəaliyyət göstərir.
O, həmçinin nəqliyyat, yükdaşımalar, texnoloji transfer və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.
Bayramovun fikrincə, coğrafi məsafəyə baxmayaraq, Vyetnam Azərbaycan üçün qeyri-neft məhsullarının ixracı baxımından perspektivli bazarlardan birinə çevrilə bilər.
1 mənbə