Ağdam Sənaye Parkına yatırılan investisiya AÇIQLANDI


Milli Məclisin deputatı Vüqar Bayramov Ağdam şəhərinin inkişafı, sənaye potensialı və məskunlaşma prosesi ilə bağlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, deputat Ağdamın bu gün Azərbaycanın dördüncü ən böyük sənaye şəhərinə çevrilmək istiqamətində inkişaf etdiyini bildirib.
Onun sözlərinə görə, Ağdam da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı vergi və gömrük güzəştləri tətbiq olunur. Ağdam Sənaye Parkının əsas fəaliyyət istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem və gübrənin istehsalı və emalı, eləcə də xidmət sahələrinin inkişafıdır. Parkda soyuducu kameraların təşkili də prioritet istiqamətlər sırasındadır.
Vüqar Bayramov qeyd edib ki, indiyədək Ağdam Sənaye Parkına 125 milyon dollar investisiya yatırılıb. Ümumi sahəsi 190 hektar olan parkda 37 rezident və 3 qeyri-rezident fəaliyyət göstərir. Burada indiyədək mindən çox vətəndaş işlə təmin olunub.
Deputatın sözlərinə görə, Ağdam işğaldan azad edilmiş rayonlar arasında ən çox məskunlaşan ərazidir. Növbəti aylarda şəhərdə daha genişmiqyaslı məskunlaşmanın həyata keçirilməsi gözlənilir.
Murad İsmayıl