Vaxtilə ayaqqabısı ilə gündəm olmuşdu, indi küçələrdə muncuq satır – FOTO


Bir vaxtlar Türkiyənin məşhur Yeşilçam ulduzlarından olan Serpil Örümcer hazırda çətin həyat şəraiti ilə üz-üzədir. Vaxtilə şöhrəti və dəbdəbəli həyatı ilə tanınan aktrisa bu gün əl işi bilərzik, boyunbağı və muncuq sataraq dolanışığını təmin etməyə çalışır.Örümcerin şöhrətə gedən yolu 1967-ci ildə, cəmi 14 yaşında olarkən “Milliyet” qəzetinin təşkil etdiyi gözəllik müsabiqəsində qalib gəlməsi ilə başlayıb.Gözəl ayaqları ilə diqqət çəkən sənətçi qısa müddət ərzində “Xanım ayaq” ləqəbi qazanıb və modellik fəaliyyətinə başlayıb.Həmin dövrdə məşhur müğənni Berkantla yaşadığı sevgi münasibəti də uzun müddət gündəmdə olub. Cütlük daha sonra ailə qurub. Lakin Serpil Örümcer boşanmaq qərarı verəndə qızına hamilə olub. Onların ayrılığına səbəb kimi isə Berkantın alkoqol asılılığı göstərilib.Ayrılıqdan sonra müğənnilik fəaliyyətinə başlayan Örümcer bir sıra albom və val buraxıb. 1969-cu ildə İzmir Fuarında ən yüksək qonorar alan sənətçi kimi tanınıb. Onun şöhrəti o qədər geniş yayılmışdı ki, vaxtilə ayaqqabısından içki içənlər belə olub.Lakin sənətçinin şəxsi həyatı sonrakı illərdə heç də uğurlu alınmayıb. Polis əməkdaşı olan ikinci həyat yoldaşı Cengiz Kartalla evləndikdən sonra işindən ayrılıb. Örümcerin sözlərinə görə, həyat yoldaşı onun sərvətinə sahib olmaq istəyib və nəticədə sənətçinin əmlaklarının böyük hissəsi əlindən çıxıb. Bir il davam edən evlilik Cengiz Kartalın vəfatı ilə başa çatıb.Serpil Örümcer üçüncü dəfə iş adamı Hasan Ölüklə ailə qurub. Lakin sonradan həyat yoldaşının başqa qadınlarla münasibətlərinin və çoxsaylı övladlarının olduğunu öyrənib. Aktrisa bu evlilik müddətində zorakılığa məruz qaldığını və uzun müddət məhkəmə çəkişmələri yaşadığını bildirib. Nəticədə üçüncü evliliyinə də son qoyub.Həyatındakı uğursuzluqlar və maddi çətinliklər sənətçinin vəziyyətini daha da ağırlaşdırıb. Bir müddət küçədə və zibilxanalarda gecələyən Örümcer topladığı kağızları sataraq dolanmağa çalışıb. Həmin illərdə ona dəri xərçəngi diaqnozu da qoyulub.2010-cu ildə ağır həyat şəraiti ilə gündəmə gələn aktrisanın evi televiziya proqramlarından birinin dəstəyi ilə təmir edilib.Sonrakı illərdə dolanışığını təmin etmək üçün köhnə fotolarını satışa çıxaran Serpil Örümcer hazırda İstanbul küçələrində əl işi bəzək əşyaları satır. 72 yaşlı sənətçi küçə ticarətinə icazə verilməməsindən və satış edə bilməməsindən narazılığını ifadə edib.
Yazı naviqasiyası
1 mənbə
