Ağdam – Qafqazın Xirosiması


Ağdam Azərbaycanın ən qədim və gözəl şəhərlərindən biri idi. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən salınmış Pənahabad qalasının yaxınlığında formalaşan şəhər zaman keçdikcə Qarabağın mühüm mədəni, iqtisadi və ticarət mərkəzinə çevrilmişdi. Məşhur Ağdam çörəyi, bağları, meyvəsi, sənaye müəssisələri və tarixi abidələri ilə tanınan bu şəhərdə on minlərlə insan sakitcə yaşayırdı. Lakin 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Ağdam bütünlüklə yandırılıb dağıdıldı. Evlər, məktəblər, xəstəxanalar, muzeylər və məscidlər yerlə-yeksan edildi. Şəhərin demək olar ki, heç bir binası salamat qalmadı. Dağıntıların miqyasına görə Ağdam beynəlxalq ictimaiyyətdə “Qafqazın Xirosiması” adlandırıldı və bu ad şəhərin yaşadığı faciənin dərinliyini əks etdirir.
İşğal illərində Ağdam yalnız fiziki cəhətdən deyil, mənəvi cəhətdən də məhv edilməyə məruz qaldı. Şəhərin tikililəri söküldü, tikinti materialları aparıldı, tarixi mədəniyyət nümunələri talan edildi, hətta qəbiristanlıqlar belə təhqir olundu. Yüz minə yaxın ağdamlı doğma yurdundan didərgin düşdü və illərlə çadır şəhərciklərində, məcburi köçkün düşərgələrində yaşamağa məcbur oldu. Bu insanlar itkiləri, ağrıları və vətən həsrətini qəlblərində daşıyaraq doğma torpağa qayıdış ümidini heç vaxt itirmədilər. Ağdamın taleyi Azərbaycan xalqının işğaldan çəkdiyi əzabların simvoluna çevrildi.
2020-ci il Vətən müharibəsindən sonra 20 noyabr 2020-ci ildə Ağdam rayonu işğaldan azad edildi və bu tarix Ağdam şəhəri günü kimi qeyd olunur. Otuz ilə yaxın həsrətdən sonra ağdamlılar doğma yurda qayıtmaq imkanı qazandılar. Bu gün Ağdamda geniş quruculuq və bərpa işləri aparılır. Dağıntılar təmizlənir, minalardan təmizləmə işləri davam etdirilir, yeni yollar, elektrik və su təminatı infrastrukturu, yaşayış binaları və sosial obyektlər inşa olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində ilk sakinlər artıq şəhərə köçürülüb, yeni məktəblər və digər xidmət müəssisələri fəaliyyətə başlayıb. Şəhərin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun yenidən qurulması Ağdamın gələcəyə baxışını nümayiş etdirir.
20 Noyabr Ağdam şəhəri günü yalnız bayram deyil, həm də tarixi yaddaşın qorunması və şəhid xatirəsinin əziz tutulması günüdür. Bu gün Ağdamın ruhu yenidən canlanır, xaraba qalmış şəhər öz taleyini dəyişərək dirçəlişə doğru irəliləyir. Ağdamın dağıntılar içindən yenidən ucalması Azərbaycan xalqının iradəsinin, birliyinin və qələbəsinin təcəssümüdür. Keçmişdə yaşanan faciə unudulmamalı, gələcək nəsillərə çatdırılmalıdır ki, bir daha belə fəlakətlər təkrarlanmasın. Ağdam bu gün Qarabağın dirçəlişinin və Azərbaycanın sülh və inkişaf yolunda qətiyyətinin parlaq nümunəsi kimi yaşayır. Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı
Dərc vaxtına görə
Sesqazeti.azoxuduğunuz
Ağdam – Qafqazın Xirosiması