ABŞ Hərbi Hava Qüvvələri 16,1 milyard dollarlıq mühərrik müqaviləsini iri şirkətlərə və startaplara açıb


ABŞ Hərbi Hava Qüvvələri 2041-ci ilin noyabrınadək qüvvədə olacaq və ümumi dəyəri 16,1 milyard dollara çatan mühərrik və hərəkətverici sistemlər müqaviləsi çərçivəsində 58 şirkəti seçib.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyinin noyabrın 20-nə aid müqavilə elanlarında məlumat verilib.
Siyahıda ABŞ-nin ən böyük mühərrik istehsalçılarından tutmuş hələ mühərrikini istehsala çıxarmamış startaplara qədər şirkətlər yer alıb. Hər bir şirkət müqavilə imzalanarkən 1000 dollar əldə edib. Beləliklə, 2027-ci maliyyə ili üzrə tədqiqat və inkişaf vəsaitlərindən ümumilikdə 58 min dollar ayrılıb. 16,1 milyard dollar isə bütün müqavilə iştirakçıları üçün nəzərdə tutulan ümumi yuxarı maliyyə həddidir. Şirkətlər ayrı-ayrı tapşırıq sifarişləri uğrunda bir-biri ilə rəqabət aparacaqlar.
Müqavilə “qabaqcıl hərəkətverici sistemlər sahəsində kompleks işləri” əhatə edir və hərəkətverici texnologiyaların hazırlanmasının bütün sahələri və həyat dövrü mərhələləri üzrə davamlı təkmilləşdirilməsini nəzərdə tutur. Müqavilə üzrə işləri Ohayo ştatındakı Rayt-Patterson Hərbi Hava Bazasında yerləşən Hərbi Hava Qüvvələrinin Maddi-Texniki Təminat Komandanlığı həyata keçirəcək. Müqavilələr rəqabətli seçim əsasında verilib.
Bu mexanizm Hərbi Hava Qüvvələrinin Həyat Dövrünün İdarə Edilməsi Mərkəzinin Hərəkətverici Sistemlər İdarəsinin mart ayında açıqladığı Qabaqcıl Hərəkətverici Sistemlərin Təminatı Müqaviləsinə (APAC) uyğundur. Həmin bildirişdə yeni hərəkətverici texnologiyaların sürətlə hazırlanması üçün 16 milyard dollara qədər dəyəri olan müqavilə mexanizmi nəzərdə tutulurdu. Bu mexanizm texnologiyanın hazırlanmasından istehsala, istismara verilməyə və texniki dəstəyə qədər bütün mərhələləri əhatə edirdi. Bildirişdə proqramın hələ ayrıca maliyyələşdirilmədiyi də qeyd olunmuşdu.
İri və kiçik mühərrik istehsalçılarının eyni müqavilə çərçivəsində birləşdirilməsi Hərbi Hava Qüvvələrinə perspektivli layihəni hər dəfə yeni müsabiqə keçirmədən kiçik şirkətdən istehsal mərhələsinə çatdırmaq imkanı verə bilər.
Siyahıda GE, RTX, “Rolls-Royce North American Technologies” və “Honeywell” kimi tanınmış şirkətlər yer alıb. “Williams International” şirkəti də seçilənlər arasındadır. Bu şirkət qanadlı raketlər üçün kiçik turbofan mühərriklər istehsal edir.
Təyyarə istehsalçıları “Boeing”, “Lockheed Martin” və “Northrop Grumman”, eləcə də “Aerojet Rocketdyne”, “Safran Defense & Space”, “Booz Allen Hamilton” və “Amentum” kimi şirkətlər də müqaviləyə daxil edilib.
Müqavilə iştirakçılarının bir çoxu PUA, raket və yüksək sürətli uçuş aparatları üçün mühərriklər hazırlayan yeni şirkətlərdir. Onların arasında Atlantada yerləşən “Hermeus” şirkəti var. Şirkətin “Quarterhorse” təyyarəsi modifikasiya edilmiş “GE J85” mühərriki əsasında hazırlanmış turbin və kombinə edilmiş dövrəli mühərriklə uçur.
Siyahıya San-Fransiskoda yerləşən “Astro Mechanica”, Sinsinnatidəki “Velontra” və Tennessi ştatının Krosvill şəhərində fəaliyyət göstərən “Whisper Aero” şirkətləri də daxil edilib.
Kolorado ştatının Sentenial şəhərində yerləşən və kiçik reaktiv mühərrikləri 3D çap üsulu ilə istehsal edən “Beehive Industries” də seçilən şirkətlər sırasındadır.
2026-cı ilin fevralında Hərbi Hava Qüvvələri “Beehive”, “Honeywell”, “Pratt & Whitney”, eləcə də “GE Aerospace” və “Kratos” şirkətlərinin birgə komandasına mühərriklərin hazırlanması üçün müqavilələr verib. Həmin müqavilələr Birgə Döyüş PUA-larının ikinci mərhələsi və digər avtonom uçuş aparatları üçün layihələrin təkmilləşdirilməsinə yönəlib. Mart ayında yayımlanan APAC bildirişində də Birgə Döyüş PUA-larının ikinci mərhələsi və F-47 qırıcısı yeni hərəkətverici sistemlər üçün mümkün platformalar kimi göstərilib.
Sevinc Əliyeva Ordu.az