ABŞ dəniz piyadalarının tanınmış veteranı şagirdlərlə münasibətdə sərhədləri aşmaqda şübhəli bilinir


İraq müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqla tanınan ABŞ dəniz piyadaları korpusunun istefada olan baş serjant-mayoru Bredli Kassal cinayət araşdırmasının mərkəzinə düşüb.
Ordu.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Araşdırma Kassalın Nevada ştatındakı “Basic Academy of International Studies” dövlət məktəbində Gənc Ehtiyat Zabitlərin Hazırlığı Proqramının (JROTC) təlimatçısı kimi çalışdığı dövrü əhatə edir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Cinayət Araşdırmaları Xidməti (NCIS) Kassala qarşı irəli sürülən ittihamları araşdırır. İttihamların məzmunu rəsmi olaraq açıqlanmır.
Keçmiş şagirdlərin sözlərinə görə, Kassal bəzi kursant qızlara xüsusi diqqət göstərib, onları evlərinə aparıb, məktəbdənkənar tədbirlərdə onlarla görüşüb, bəzilərini isə öz evinə və bağ evinə dəvət edib.
Keçmiş şagirdlərdən biri 14 yaşında olarkən Kassalın ona övladlığa götürməyi təklif etdiyini bildirib. Həmin şagird təlimatçı ilə yetkinlik yaşına çatmamış qız arasında şəxsi söhbətlərin bəzilərinin yolverilməz xarakter daşıdığını da qeyd edib.
Digər keçmiş kursantlar Kassalın şagirdlərə kömək etdiyini, onların yemək və səfər xərclərini ödədiyini, yürüşlər təşkil etdiyini və proqrama çox vaxt ayırdığını bildiriblər. Bununla yanaşı, onların bəziləri onun peşəkar münasibət sərhədlərini pozduğunu hesab ediblər.
JROTC proqramının qaydaları təlimatçılara kursantlarla şəxsi, yaxın və ya cinsi münasibətlər qurmağı, yolverilməz yazışmalar aparmağı, şagirdləri evlərinə dəvət etməyi və bir qayda olaraq, ayrı-ayrı şagirdləri şəxsi avtomobilləri ilə daşımağı qadağan edir.
Kassal 2018-ci ilin avqustundan məktəbdə işləyib və 2025-ci ilin avqustunda vəzifəsindən ayrılıb.
Araşdırma Kassalın karyerasında kəskin dönüş yaradıb. O, dəniz piyadaları korpusunda 34 il xidmət edib, iki “Bənövşəyi Ürək” medalı və ABŞ-nin döyüş şücaətinə görə təqdim etdiyi ikinci ən yüksək mükafat olan Hərbi Dəniz Xaçı ilə təltif olunub. Bu mükafat yalnız Şərəf Medalından sonra gəlir.
Kassal 2004-cü ildə İraqda, Fəllucənin ikinci döyüşü zamanı göstərdiyi qəhrəmanlıqla tanınıb. O, yeddi güllə yarası alıb, qumbara partlayışı zamanı yaralı silahdaşını öz bədəni ilə qoruyub və digər hərbçilərə yardım göstərilənədək tibbi yardım almaqdan imtina edib.
Ağır yaralanmış Kassalın binadan çıxarıldığını əks etdirən foto ABŞ hərbçilərinin qəhrəmanlığının simvollarından birinə çevrilib.
Sevinc Əliyeva Ordu.az