57 ermənipərəst Konqresdə – Azərbaycana YENİ təhlükə

ABŞ-da Demokratlar Partiyasının Konqresə keçirilən seçkilərdə hər iki palatada böyük üstünlüklə qalib gəlməsi yeni bir məsələni gündəmə gətirib. Diqqəti çəkən məqam odur ki, ANCA-nın (Amerika Erməni Milli Komitəsi) dəstəklədiyi namizədlərin əksəriyyəti qalib gəlib. Erməni komitəsinin dəstəklədiyi 64 namizəddən (7-si Senat, 57-ci Nümayəndələr Palatası) 7-si Senata, 50-si Nümayəndələr Palatasına seçilib.
ANCA-nın uzun müddətdir irəli sürdüyü tələblərdən biri ABŞ-ın Azərbaycana göstərdiyi hərbi və təhlükəsizlik yardımına məhdudiyyətlərin tətbiqidir. Burada əsas məsələ Konqresin 1992-ci ildə qəbul etdiyi “907-ci düzəlişdir.Həmin düzəliş Azərbaycana birbaşa ABŞ dövlət yardımını məhdudlaşdırır. Sonrakı illərdə ABŞ prezidentlərinə müəyyən şərtlərlə bu məhdudiyyətlərdən imtina etmək səlahiyyəti verilib. ANCA-nın açıq şəkildə müdafiə etdiyi əsas mövqelərdən biri Qarabağdan köçmüş ermənilərin geri qayıtmaq məsələsidir.
Bəs bu nəticələr, yəni, azı 57 ermənipərəst demokratın Konqresdə olması Azərbaycan üçün hansı əlavə problemlərə yol aça bilər?
Siyasi şərhçi Xəyal Bəşirov Musavat.com-a deyib ki, ABŞ–Azərbaycan münasibətlərində əlavə maneələr baxımından əhəmiyyət daşıya bilər.
Onun sözlərinə görə, Azərbaycana hərbi yardımın məhdudlaşdırılması, müdafiə sahəsində əməkdaşlığa əlavə şərtlər qoyulması istisna deyil: "Konqres üzvlərinin bəyanatları və qəbul etdirməyə çalışdıqları sənədlər ABŞ ictimaiyyətində Azərbaycan haqqında müəyyən siyasi təsəvvür formalaşdıra bilər. Bu, Azərbaycanın mövqeyini izah etməsini və öz arqumentlərini beynəlxalq səviyyədə çatdırmasını çətinləşdirə bilər. Çünki erməni lobbisi onların vasitəsi ilə güclü kampaniya aparmağa hazırlaşır. Ona görə biz də lobbi və diaspor işimizi hücum taktikasına uyğun qurmalıyıq. Amma unutmayaq ki, yaxın 2 ildə prezident Trampdır və hansısa qərarların keçməsini gözləmirəm. Azərbaycanın əsas diqqət yetirməli olduğu məsələ Konqresdəki ermənipərəst qanunvericilərin sayı deyil, onların konkret qanunvericilik təşəbbüslərinin ABŞ-ın rəsmi xarici siyasətinə çevrilib-çevrilməməsidir. Bu baxımdan, xüsusilə 907-ci düzəliş, sanksiyalar və ABŞ–Azərbaycan təhlükəsizlik əməkdaşlığı diqqətlə izlənilməlidir".
Hüquqşünasın fikrincə, Azərbaycanın görə biləcəyi ön tədbirlər yalnız diplomatik etirazlarla məhdudlaşmamalıdır: "Əsas məqsəd ABŞ-da Azərbaycan haqqında məlumatlılığın artırılması, ikitərəfli münasibətlərin siyasi baxımdan daha dayanıqlı qurulması və mümkün birtərəfli qanunvericilik təşəbbüslərinin qarşısının hüquqi-diplomatik yollarla alınması olmalıdır. Azərbaycan yalnız ölkəmizi dəstəkləyən konqresmenlərlə deyil, fərqli mövqedə olan qanunvericilərlə də işləməlidir. Azərbaycanın mövqeyi təkcə rəsmi Vaşinqtonda deyil, Amerika cəmiyyətində də tanınmalıdır. Xüsusən də Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların məcburi köçkün düşməsi, itkin düşmüş 4 010 azərbaycanlının taleyi, işğal dövründə dağıdılmış şəhərlər, məscidlər və mədəni irs nümunələri, ina təhlükəsi və mülki əhalinin təhlükəsizliyi, Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri haqda əhatəli məlumatlandırma olmalıdır”.
Onun bildirdiyinə görə, bu mövzular emosional bəyanatlarla deyil, beynəlxalq hesabatlar, arxiv sənədləri, məhkəmə materialları və müstəqil ekspert rəyləri ilə təqdim edilməlidir: “ABŞ-da yaşayan azərbaycanlıların ictimai və vətəndaş fəallığı da əhəmiyyətlidir. Azərbaycan ABŞ-da yalnız Ermənistanla bağlı məsələlərə cavab verən ölkə kimi deyil, ABŞ-ın enerji, nəqliyyat, təhlükəsizlik və regional sabitlik maraqları baxımından əhəmiyyətli tərəfdaş kimi təqdim olunmalıdır".